Bakı. Trend:
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə intellektual qabiliyyətli bölmələrin xidmət müddəti başa çatmış şəxsi heyətinin ehtiyata buraxılması münasibətilə təntənəli mərasim keçirilib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçuların gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini MMU-nun tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirmələrinin ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi ilə hərbi təhsil sahəsində həyata keçirilən uğurlu islahatların nəticəsi olduğunu və hərbi qulluqçuların peşəkarlığının artırılmasına müsbət töhfələr verdiyini xüsusi qeyd edib. Rektor xidmət müddəti başa çatmış gənclərə gələcək həyatlarında uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışmaları ilə bağlı müvafiq tövsiyələrini verib.
Şəxsi heyət adından çıxış edən əsgər Şahin Bayramlı xidmət müddətində onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün yaradılmış şəraitə və ordu həyatında qazandıqları müsbət keyfiyyətlərə görə MMU rəhbərliyinə və komandir heyətinə minnətdarlığını bildirib.
Tədbirin sonunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestr heyətinin ifasında vətənpərvər musiqilər səsləndirilib.