Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Trend-in “TRT Haber”ə istinadən verdiyi məlumata görə, danışıq zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriya, Qəzza zolağı və Ukrayna daxil olmaqla bir sıra regional məsələlər müzakirə edilib.
Nazir Hakan Fidan Suriyada sabitliyin və rifahın təmin olunması baxımından bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Telefon söhbəti zamanı həmçinin ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS tərəfindən azad edilməsinin əhəmiyyəti qeyd olunub.
Tərəflər eyni zamanda planlaşdırılan Rusiya–Ukrayna danışıqları barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı 14–15 may tarixlərində Antalyada keçiriləcək NATO-nun Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində dövlət katibi Marko Rubionun Türkiyəyə planlaşdırılan səfərinin detalları da müzakirə olunub.