...

Qazaxıstan BTC ilə neft tədarükünü artırma imkanlarını araşdırır

İqtisadiyyat Materials 25 Noyabr 2024 12:36 (UTC +04:00)
Qazaxıstan BTC ilə neft tədarükünü artırma imkanlarını araşdırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neft tədarükünü cari 1,5 milyon tondan 20 milyon tona qədər artırma imkanlarını nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar naziri Almasadam Satkaliyev parlamentdə hökumət saatında çıxışı zamanı bildirib.

"BTC istiqaməti hazırda ən perspektivli marşrutlardan biridir. Həm bizim tərəfimizdən, həm də Azərbaycanın tərəfdaşları tərəfindən bu istiqamətdə Qazaxıstan neftinin tədarükünün planlı şəkildə artırılmasına maraq var.

2024-cü il üçün BTC vasitəsilə 1,5 milyon ton neft tədarükü planlaşdırılıb. Bu marşrut üzrə tədarükün illik 20 milyon tonadək artırılması perspektivləri araşdırılır", - o qeyd edib.

Nazirin sözlərinə görə, neft hasilatının artımı və yeni dəniz layihələrinin istismara verilməsini nəzərə alaraq, ortamüddətli perspektivdə Qazaxıstanın Energetika Nazirliyi, "KazMunayQaz" milli şirkəti və digər maraqlı tərəflər əlavə nəqliyyat marşrutlarının, o cümlədən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzərində iş aparır.

Qeyd edək ki, Qazaxıstan neft ixracı marşrutlarını şaxələndirmək məqsədilə ötən ildən BTC vasitəsilə tədarüklərə başlayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın "KazMunayQaz" şirkəti hər il bu marşrutla 1,5 milyon ton Qazaxıstan neftinin nəqli barədə razılıq əldə edib. İxrac 2023-cü ilin aprel ayında başlayıb.

Xəbər lenti

Xəbər lenti