Bakı. Trend:
COP29-un iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr barədə hələ çox danışılacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Spiker qeyd edib ki, bəşəriyyətin gələcəyi ilə bağlı olan bu mötəbər və dünya miqyaslı tədbiri yüksək səviyyədə keçirməklə Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndərdi, yenə mötəbər toplantıların keçirilməsi planlarını daha da artırdı.
"COP29 çərçivəsində noyabrın 16-da və 17-də Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildi. Tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak edirdi.
Görüşün açılışında etdiyim çıxışda mən bir tezisi xüsusilə vurğuladım. Bildirdim ki, Azərbaycan hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyəti, yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib.
Ölkəmiz könüllü öhdəliklər götürərək, bərpa olunan enerji layihələri həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.
Və həmçinin qeyd etdim ki, bilik, təcrübə və qabaqcıl praktika mübadiləsi sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməliyik.
Qeyd edim ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalandı.
COP29-da və Parlament Görüşündə iştirak etmək üçün Bakıya gəlmiş beynəlxalq parlament təşkilatlarının, bir sıra parlamentlərin sədrləri ilə Milli Məclisdə 15 ikitərəfli görüş keçirildi. Onlardan Parlamentlərarası İttifaqın prezidenti və Baş katibi, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Aralıq dənizi Parlament Assambleyasının prezidenti, Millətlər Birliyinin Baş katibi Baronessa Skotland, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri xanım Tereza Mey, Albaniya, Özbəkistan, Tacikistan, Tonqa, Zimbabve parlamentlərinin sədrləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri, digər ali vəzifəli şəxslər ilə söhbətlərdə COP29-un və Parlament Görüşünün uğurlu təşkili, bu tədbirlərdə müzakirələr ilə bağlı fikir mübadiləsi aparıldı".