...

ABŞ və Qərb ölkələrinin COP29 zamanı Azərbaycan əleyhinə apardığı kampaniyaların heç bir əhəmiyyəti yoxdur - RƏY

Siyasət Materials 25 Noyabr 2024 14:33 (UTC +04:00)
ABŞ və Qərb ölkələrinin COP29 zamanı Azərbaycan əleyhinə apardığı kampaniyaların heç bir əhəmiyyəti yoxdur - RƏY
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Qərb ölkələrinin COP29 zamanı Azərbaycan əleyhinə apardığı kampaniyaların heç bir əhəmiyyəti yoxdur.

Bunu Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov deyib.

O qeyd edib ki, Azərbaycan COP29-a böyük uğurla ev sahibliyi etdi.

"Nəzərə almalıq ki, Azərbaycan COP29-a təkcə ev sahibliyi etmədi, həm də necə güclü qlobal təşəbbüskar ölkə olduğunu nümayiş etdirdi. Çünki Azərbaycan 2035-ci ilə qədər ümumi 1.3 trilyon dollar maliyyələşmə məsələsinin müzakirəsinə nail oldu.

Təbii ki, 300 milyard dollarlıq maliyyə hədəfinə nail olunması Azərbaycanın COP29 çərçivəsində bəxş etdiyi ən önəmli qlobal töhfələrdən biridir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu gün dünyada iqlim məsələlərindən bəhs edən bəzi ölkələr əsla səmimi deyillər və bu qeyri-səmimilik içərisində özəlliklə ABŞ və Qərb ölkələri xüsusilə fərqlənirlər.

Atmosferi daha çox çirkləndirən, eyni zamanda, qlobal iqlim məsələlərinə də ən çox məsuliyyətsiz yanaşanlar məhz Qərb coğrafiyasından olanlardır. Bu gün onların Azərbaycan əleyhinə kampaniyaları da buna görə də aktivləşmiş vəziyyətdədir. Lakin Azərbaycan Qərbə də, bütün dünyaya da nümayiş etdirdi ki, ekoloji məsələlər ətraf-mühit təhlükəsizliyi ilə bağlı mövzularda mütləq şəkildə qlobal həmrəylik şüuru olmalıdır.

Dünyada bu qlobal həmrəylik şüurunu sabotaj edən Fransa və Qərbin bəlli dairələrinin olmasına rəğmən, Azərbaycan bu prosesi uğurla yerinə yetirdi, nəticədə Bakıda kiçik ada dövlətləri və kasıb ölkələrin taleyi ilə bağlı da çox ciddi addımlar atıldı".

Politoloq Rüfət Hüseynli bildirib ki, bu il Azərbaycanın qlobal iqlim siyasətində mühüm yer tutan bir il olaraq tarixə düşdü.

"Ökəmiz beynəlxalq ictimaiyyətin diqqətini üzərinə çəkən COP29 (BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 29-cu Konfransı) kimi bir tədbirə ev sahibliyi etdi. Bu mühüm tədbir həm təşkilatçılıq baxımından, həm iştirakçıların fəallığı, həm də əldə olunan nəticələrə görə tarixə düşdü.

Azərbaycan COP29-un yüksək səviyyədə təşkilinə nail oldu. Bakıda keçirilən bu sammitə 190-dan çox ölkənin nümayəndələri qatıldılar. Dövlət və hökumət başçıları, iqlim sahəsindəki aparıcı ekspertlər, qeyri-hökumət təşkilatları və elm adamları bir araya gələrək, qlobal iqlim dəyişikliyi ilə mübarizənin yeni yollarını müzakirə etdilər. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə, yalnız beynəlxalq iqlim müzakirələrinin mərkəzinə çevrilmədi, həm də regionda liderlik mövqeyini bir daha təsdiqlədi.

COP29, həmçinin, əldə olunan mühüm razılaşmalarla yadda qaldı. İqlim dəyişikliyi ilə mübarizə istiqamətində böyük addımlar atıldı və inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında balanslaşdırılmış kompromislər əldə edildi. Azərbaycanın həm özünün, həm də qlobal miqyasda iqlim dəyişikliklərinə qarşı mübarizənin gücləndirilməsi üçün səylərini artırmaq qərarına gəlməsi, sammitin əsas müzakirə mövzularından biri oldu.

Özəlliklə, iqlim maliyyələşdirilməsi, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf məqsədləri üzrə geniş müzakirələr aparıldı. Azərbaycan bu tədbirin sonunda ekoloji təsirlərin azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində bir sıra mühüm təşəbbüslər irəli sürdü. Sammitin yekunları həm Qərb, həm də inkişaf etməkdə olan ölkələr üçün mühüm razılaşmalarla tamamlandı.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətindəki nüfuzunun artmasında mühüm rol oynadı. Azərbaycanın təbii sərvətlərdən istifadə və ekoloji bərpa məsələləri üzrə təcrübəsi, xüsusən də regionda yaşanan təbii fəlakətlərin qarşısının alınması ilə bağlı irəli sürdüyü təkliflər beynəlxalq səviyyədə böyük əks-səda doğurdu. Azərbaycan, həmçinin, Qafqaz və Xəzər regionunun iqlim dəyişikliklərindən daha az təsirlənməsi üçün regional əməkdaşlıq ideyasını gündəmə gətirdi.

COP29 Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini bir daha gücləndirdi və ölkəmizin qlobal iqlim siyasətinə olan töhfəsini nümayiş etdirdi. Bu tədbir həm təşkilatçılıq baxımından, həm də əldə olunan nəticələrə görə tarixi bir əhəmiyyət daşıdı. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu sammit qlobal iqlim dəyişikliyi ilə mübarizənin daha güclü və səmərəli bir şəkildə həyata keçirilməsi üçün mühüm bir addım oldu. Bu tədbir həm də Azərbaycanın iqlim siyasətindəki rəhbərliyini və qlobal məsuliyyətini bir daha vurğuladı", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti