Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, 25-27 noyabr 2024-cü il tarixlərində Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək Forumda NGBM-nin həmsədrləri Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqanın və Dünya Bankının vitse-prezidenti Dr. İsmail Serageldinin rəhbərliyi ilə Mərkəzin 20-dən çox üzvü iştirak edəcək.
Toplantıda iştirakçılar arasında Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidentləri Valdis Zatlers və Egils Levits, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Şimali Makedoniya Respublikasının sabiq prezidenti George İvanov, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq Baş naziri Zlatko Laqumdziya, Belçikanın sabiq baş naziri İv Leterm, Seneqalın sabiq baş naziri Aminata Ture, Yunanıstanın sabiq baş naziri Corc Papandreu, Avstriyanın sabiq federal xarici işlər naziri və Avropa Komissarı Benita Ferrrero-Valdner, Monteneqronun sabiq Müdafiə naziri Miliça Peyanoviç-Durisiç, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, BMT Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinosa və 75-ci Prezidenti Volkan Bozkır, YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser, NGBM-nın Baş katibi Rövşən Muradov, NGBM-nin Strateji və Dayanıqlı İnkişaf Layihələri üzrə koordinatoru Rza Əliyev yer alırlar.
Mərkəzin üzvləri Portuqaliyaya səfərləri çərçivəsində ötən günlərdə keçirilmiş COP29-un nəticələrini və qarşıdan gələn 12-ci Qlobal Bakı Forumuna hazırlığı müzakirə edəcəklər.