...

Azərbaycan dövlətinin sosial siyasətinin məzmunu və prioritetləri dəyişməz olaraq qalır - Deputat

Cəmiyyət Materials 26 Noyabr 2024 12:05 (UTC +04:00)
Azərbaycan dövlətinin sosial siyasətinin məzmunu və prioritetləri dəyişməz olaraq qalır - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinin 2024-cü illə müqayisədə 8,8 faiz artırılması, əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım, minimum əməkhaqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artırılması bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin sosial siyasətinin məzmunu və prioritetləri dəyişməz olaraq qalır.

Trend xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

O qeyd edib ki, ümumilikdə, təqdim olunan büdcə layihəsi günün tələblərinə, cəmiyyətin ehtiyaclarına və gözləntilərinə uyğun hazırlanıb.

“Bununla yanaşı şübhəsiz ki, sosial məsələlərin həlli konkret bir dövrlə məhdudlaşmayan, davamlı islahatların aparılmasını tələb edən mürəkkəb və daimi prosesdir.

Səhiyyə xərclərinin ötən ilin göstəricisi ilə müqayisədə 7,1 faizlik artımı bu sahədə uzun müddətdir ki, həyata keçirilən davamlı islahatların nəticəsidir. İcbari tibbi sığorta sisteminin tətbiqi və qanunverciliyin təkmilləşdirilməsi, xidmətlər zərfinin genişləndirilməsi ilə bağlı hüquqi bazanın inkişaf etdirilməsi tibbi xidmətlərə əlçatarlığın artırılmasına xidmət edir. Son illərdə xidmətlər zərfinə daxil olan tibbi müdaxilələrin sayının artırılması, xüsusi ilə hər bir vətəndaşın sosial müdafiəsinə xidmət edən ambulator sahədə dərman preparatlarının xidmətlər zərfinə daxil edilməsi şübhəsiz icbari tibbi sığorta sisteminin uğurlu inkişafının göstəricisidir.

Bununla yanaşı, Azərbaycanda bir sıra prioritet səhiyyə məsələlərinin həlli üçün dövlət proqramları icra olunur ki, onların da səhiyyə büdcəsində ayrı maliyyələşdirilməsi dövlətin bu məsələlərə xüsusi diqqətinin göstəricisidir. Lakin, uzun müddət uğurla həyata keçirilən bu proqramların da gələcəkdə icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil edilməsi daha məqsədəuyğun olardı.

Eyni zamanda qeyd etmək istərdim ki, uşaqlar arasında bəzi xəstəliklər var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir. Bu gün hər birimizin yaxşı tanıdığı genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm spektr pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün düşünürəm dövlət proqramının qəbul olunması vacibdir. Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perespektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcəkdir”, - deyə deputat əlavə edib.

O vurğulayıb ki, 2025-ci ilin dövlət büdcəsində bir sıra layihələrə ayrılan büdcənin artımı və bəzilərində isə azalmaların izahlı təqdimatı əldə olunan uğurlar və daha çox diqqət tələb edən səhiyyə məsələləri haqda məlumatlandırma üçün faydalı olardı.

“Bu izahatlar bir sıra xəstəliklərlə bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində nəzərdə tutulan maliyyə vəsaiti ilə xəstə saylarının artan dinamikası arasındakı uyğunsuzluqları daha aydın başa düşməyə kömək etmiş olardı.

Dövlət büdcəsi tərəfindən ayrılan investisiyalar və verilən subsidiyalar nəticələrinə görə hər zaman həm hökuməti, həm də millət vəkillərini maraqlandıran məsələlər olub. Belə ki, Hesablama Palatasının hesabatına görə kənd təsərrüfatına ayrılan subsidiyalarla bağlı, 2025-ci ildə də ayrılan vəsaitin 2024- cü il ilə müqayisədə 9,4 % çox olması və bitkiçilik və heyvandarlıq sahələrində illik artımın cəmi 0,1 % bənd olması, eyni zamanda kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamikanın müşahidə olunmaması bu məsələlərin daha dərindən araşdırılmasına ehtiyac olduğunu göstərir.

Eyni zamanda 2025-ci ilin büdcəsində ətraf mühitin qorunması üçün hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır. Belə ki, tullantıların düzgün zərərsizləşdirilməsi, bütün ölkə ərazisində müasir texnologiyaya əsaslanan təmizləyici sistemlərin qurulması, eyni zamanda tibbi tullantıların idarə olunması üçün əlavə imkanların yaradılması çox vacibdir”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti