Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı bombalı hücum hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı yüksək həssaslıqlı TATP (triaseoton triperoksid) partlayıcısı və bomba istehsalında istifadə olunan böyük miqdarda kimyəvi maddə aşkar edilərək götürülüb.
Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi əməkdaşları İŞİD-in fəaliyyətlərinin müəyyən edilməsi və şübhəlilərin saxlanılması məqsədilə birgə əməliyyat həyata keçirib.
“Araşdırmalar nəticəsində sosial media platformalarında "bomba istehsalı" ilə bağlı məlumatlar axtardığı müəyyən edilən D.K.-yə yönələn istintaq onun E.S. ilə birlikdə hərəkət etdiyini üzə çıxarıb. Hər iki şübhəlinin bombalı hücum hazırlığında olduğu ehtimal edilib.
Polisin texniki və fiziki müşahidələrindən sonra Qaziosmanpaşa rayonunda eyni binada yerləşən iki ayrı mənzildə yaşayan şübhəlilər saxlanılıb”, - məlumatda bildirilib.
Axtarışlar zamanı yüksək həssaslıqlı TATP partlayıcı maddəsi, çox miqdarda bomba istehsalında istifadə edilən kimyəvi maddələr, laboratoriya və kamuflyaj vasitələri, laboratoriya geyimləri və maskaları, İŞİD-in “bayraqları”, müxtəlif qadağan olunmuş nəşrlər və rəqəmsal materiallar aşkar edilib.
Məlum olub ki, şübhəlilər 2021-ci ildə "İŞİD-ə üzvlük" ittihamı ilə həbs olunub və 2023-cü ildə azadlığa buraxılıblar.
Qeyd edilib ki, şübhəlilər barədə istintaq işləri davam edir.