...

Tramp qayıdır: dönüş Bakıya nə vəd edir?

Siyasət Analytics 26 Noyabr 2024 13:32 (UTC +04:00)
Tramp qayıdır: dönüş Bakıya nə vəd edir?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.

Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.

Prezident İlham Əliyev ilə Donald Tramp arasında baş tutan telefon danışığı iki liderin dünya sabitliyinə, ənənəvi dəyərlərin qorunmasına və milli suverenliyin möhkəmləndirilməsinə dair baxışlarının unikal sinerjisini əks etdirən əlamətdar hadisə oldu. Bu dialoq Azərbaycan ilə ABŞ arasındakı yüksək səviyyəli əməkdaşlığı vurğulamaqla yanaşı, qlobal dəyişikliklər dövründə cəmiyyətin fundamental əsaslarını müdafiə edən liderlərin mühüm rolunu bir daha ön plana çıxardı.

Xatırladaq ki, Donald Trampın prezidentliyi dövrü liberal qloballaşmanın kəskin tənqidi ilə yadda qaldı. Tramp ənənəvi prinsiplərin müdafiəsinə sadiqliyini dəfələrlə bəyan etmişdi. Onun ailə institutunun və tarixi dəyərlərin qorunmasının vacibliyinə dair sözləri həm siyasi, həm də ictimai dairələrdə geniş əks-səda doğururdu.

Trampın tezisi: "Mənim vaxtımda heç bir yeni müharibə olmayacaq"

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxış edərkən demişdi: "Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Xatırladaq ki, Azərbaycanın dövlət başçısı daha sona çıxışında vurğulamışdı: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Donald Tramp və milli maraqların müdafiəsi

Trampın gələcək administrasiyası transgendərlərin orduda xidmət etməsinə qadağa tətbiq etmək niyyətini açıqlamaqla ABŞ-də böyük müzakirələrə səbəb olub. Tramp bu qərarı belə əsaslandırmışdı ki, ordu intizam, birlik və effektivlik kimi ciddi standartlara malik olmalıdır və sosial və ya tibbi problemlərin həddən artıq diqqət mərkəzində olması bu standartlara zərər vura bilər. O, vurğulamışdı: "Silahlı qüvvələr qalibiyyətə yönəlmiş tapşırıqların yerinə yetirilməsinə fokuslanmalıdır, tibbi xərclərə və ya döyüş hazırlığından yayındıra biləcək problemlərə deyil."

Donald Tramp administrasiyası, həmçinin, cəmiyyətin ənənəvi əsaslarına zidd hesab etdiyi ideologiyaların federal proqramlar vasitəsilə təşviqinə məhdudiyyətlər tətbiq etmək üçün addımlar atmışdı. Xüsusilə təhsil və səhiyyə sahələrində ayrı-seçkilik əleyhinə qanunların yenidən nəzərdən keçirilməsi ilə bağlı bu tədbirlər liberal dairələrin kəskin reaksiyasına səbəb olmuşdu. Lakin Tramp bu qərarları, cəmiyyətin böyük hissəsinin maraqlarının müdafiəsi və Amerikanın cəmiyyətinin qurulduğu prinsiplərin qorunması üçün zəruri hesab edirdi.

Donald Trampın lider kimi mövqeyi, dövlətin prioritetlərinin sabitlik və təhlükəsizlik təminatına yönəlməli olduğu prinsipinə söykənir. Onun fikrincə, ayrı-ayrı qrupların hüquqlarının həddən artıq təşviqi, ənənələrə və əksəriyyətin maraqlarına zərbə vurmaqla cəmiyyətin sabitliyini poza bilər. Bu barədə Tramp bəyan etmişdi: "Biz əmin olmalıyıq ki, addımlarımız cəmiyyətin əsaslarını möhkəmləndirməyə yönəlib, onu parçalamağa deyil".

Məzkur yanaşma ənənəvi dəyərlərə əsaslanan siyasətin dövlətin davamlı inkişafını təmin etdiyini düşünən bir çox mühafizəkar qüvvələr tərəfindən dəstəklənib. Trampın siyasəti, radikal sosial dəyişikliklərin təzyiqi qarşısında cəmiyyəti müdafiə etmək, ailə institutlarını və milli birliyi zəiflədə biləcək təhlükələri aradan qaldırmaq cəhdi kimi qiymətləndirilir.

Donald Trampın ailə dəyərləri və LGBT hüquqları məsələlərindəki mövqeyi, milli təhlükəsizliyi və cəmiyyətin maraqlarını prioritetə çevirən məsuliyyətli idarəetmə yanaşmasının nümunəsidir. Onun qərarları birmənalı qarşılanmasa da, ənənəvi əsasların qorunmasına və ABŞ dövlətçiliyinin təməlini gücləndirməyə yönəldiyini qeyd etmək lazımdır. Bu yanaşma təkcə ABŞ üçün deyil, həm də öz mədəni və tarixi kimliyini qorumağa çalışan digər dövlətlər üçün aktualdır.

Çünki o, Tramp ənənəvi ailə dəyərlərini Amerikan cəmiyyətinin əsas təməli hesab edərək onları aktiv şəkildə müdafiə edib. O, çıxışlarında ailə institutunun möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bu institut mədəni və siyasi dəyişikliklər nəticəsində təhlükə altına düşə bilər. Tramp andiçmə mərasimində demişdi: "Güclü Amerika güclü ailədən başlayır. Biz xalqımıza onu böyük edən əsas prinsipləri qaytarmalıyıq."

Yeni yanaşma və qarşılıqlı maraqlar

Donald Trampın siyasəti psevdolibertarianlıq və qloballaşma yanaşmalarına alternativ olaraq, milli institutların gücləndirilməsinə fokuslanmış bir model təqdim edirdi.

Sadaladığımız səbəblərdən dolayı Vaşinqtonun Azərbaycan siyasətində ciddi dəyişikliklərin olması mümkündür.

Donald Trampın rəhbərliyi altında ABŞ-nin Bakı ilə münasibətləri daha praqmatik və hər iki tərəf üçün daha faydalı bir xarakter ala bilər. Əgər Co Bayden administrasiyası liberal dəyərlər, insan hüquqları və demokratiyanın təşviqini geosiyasi hədəflərlə birləşdirməyə çalışırdısa, Trampın siyasəti, ilk prezidentlik dövründə olduğu kimi, əsasən iqtisadi maraqlar və dövlət liderləri ilə şəxsi razılaşmalar üzərində qurulmuşdu. Bu yanaşma ABŞ-Azərbaycan münasibətlərinin daha az münaqişəli və daha çox qarşılıqlı faydalı olmasına zəmin yarada bilər.

Geosiyasi amillərin rolu

Azərbaycanın geosiyasi mövqeyi bu münasibətlərin əhəmiyyətli elementlərindən biridir. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan, ABŞ-ın Cənubi Qafqazda maraqları baxımından strateji tərəfdaş rolunu oynayır. Enerji ehtiyatları və "Cənub Qaz Dəhlizi" kimi layihələri sayəsində Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Rusiya əleyhinə tətbiq olunan sanksiyaların və Rusiyanın Avropa enerji bazarındakı payının azalması fonunda, Azərbaycan ABŞ və Qərb üçün neft və qazın əsas təchizatçılarından birinə çevrilib.

Trampın enerji təhlükəsizliyinə dair yanaşması, tədarük mənbələrinin diversifikasiyasını dəstəkləməyə yönəlib. Onun administrasiyası ehtimal ki, Azərbaycan təşəbbüslərinə, xüsusilə də "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsinə və yeni infrastruktur layihələrinə, məsələn, Zəngəzur dəhlizinə daha güclü dəstək göstərə bilər. Bu layihə Avropa ilə Asiya arasında yeni nəqliyyat və ticarət marşrutları aça bilər. Bayden administrasiyasının Ermənistanla mürəkkəb münasibətlər və Konqresdəki ermənipərəst lobbinin təsiri səbəbindən bu layihəyə ehtiyatla yanaşdığı halda, Tramp iqtisadi faydanı nəzərə alaraq daha açıq dəstək göstərə bilər.

İdeologiyadan uzaq, praqmatik yanaşma

Trampın Azərbaycanla diplomatik üslubu Bayden administrasiyasından fərqli olacaq. Bayden dövründə insan hüquqları və demokratik islahatlar məsələlərinə tez-tez vurğu edilməsi Bakıda daxili işlərə müdaxilə kimi qiymətləndirilirdi. Tramp administrasiyası dövründə isə bu sahədə təzyiqlərin azalacağı gözlənilir. Trampın möhkəm mövqeli liderlərlə münasibət qurmağa meylli olduğu məlumdur - istər Vladimir Putin, istər Rəcəb Tayyib Ərdoğan, istərsə də Si Cinpin olsun. Prezident İlham Əliyev siyasətində sabitlik və ardıcıllıq nümayiş etdirən bir lider olaraq, Tramp üçün ideal tərəfdaş ola bilər. Güclü liderlərə olan hörmət və onların milli maraqları müdafiə etmə qabiliyyətinə dəyər verən Tramp, Azərbaycanla daha sıx ikitərəfli münasibətlərin əsasını qoya bilər.

Trampın beynəlxalq bürokratik təşkilatlara, məsələn, BMT-yə və digər ölkələrin daxili işlərinə müdaxiləyə olan antipatiyası nəzərə alınarsa, onun administrasiyası Azərbaycana qarşı tənqidi qətnamələrdən və Dövlət Departamenti xətti ilə təzyiqlərdən uzaq durmaq ehtimalı yüksəkdir. Bu isə Bakıya regional mövqeyini gücləndirmək və Qərbdən gələn davamlı tənqidlərə reaksiya vermədən öz siyasətini həyata keçirmək üçün daha geniş imkanlar yarada bilər.

ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi gözləniləndir. Neft, qaz və bərpa olunan enerji sahəsində böyük potensiala malik Azərbaycan, amerikalı şirkətlər üçün cəlbedici tərəfdaşdır. Tramp administrasiyası dövründə yeni yataqların işlənməsi və infrastruktur layihələrində amerikalı investorların iştirakı da daxil olmaqla enerji sektorunda əməkdaşlığın genişlənməsi ehtimalı var.

Azərbaycanın İranla qonşuluğu regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Trampın İranla sərt xətt tərəfdarı olması səbəbindən, Azərbaycan onun üçün Tehranın təsirini məhdudlaşdırmaq baxımından vacib müttəfiq ola bilər. Trampın administrasiyası hərbi əməkdaşlığı genişləndirmək, müasir texnologiya və silah satışı vasitəsilə Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində addımlar ata bilər.

Trampın siyasəti daha çox şəxsi maraqlar və geosiyasi hesablamalara əsaslanır. Onun administrasiyası, Bayden dövründə aydın görünən ermənipərəst yanaşmalardan daha çox balanslı bir mövqe tuta bilər. Beləliklə, ABŞ, Azərbaycan və Ermənistan arasında münasibətlərin daha tarazlı şəkildə qurulmasına və iqtisadi fayda gətirən layihələrə üstünlük verilə bilər.

Donald Trampın ikinci prezidentlik dövrü ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. İdeoloji yanaşmalardan uzaqlaşma, praqmatizmə üstünlük və iqtisadi-geosiyasi əməkdaşlığın gücləndirilməsi bu münasibətləri daha az münaqişəli və daha məhsuldar edə bilər. Azərbaycan isə, öz növbəsində, daha geniş hərəkət azadlığı əldə edərək, regional lider kimi mövqeyini möhkəmləndirə bilər.

Ənənəvi dəyərlərin liderləri: İlham Əliyevdən Viktor Orbana qədər

Müasir dünya ənənəvi dəyərlərin qorunması uğrunda mübarizənin beynəlxalq siyasətin əsas mövzularından birinə çevrildiyi dəyişikliklər dövrünü yaşayır. Bu fonda İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Viktor Orban və Aleksandr Vuçiç kimi güclü liderlər milli maraqları və suverenliyi xarici təzyiqlərdən üstün tutan dövlət rəhbərlərinin simvoluna çevrilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli suverenliyin və İslam irsinin müdafiəsini inamla həyata keçirən lider obrazını təmsil edir. O, həm ölkəsinin müdafiə imkanlarını gücləndirir, həm də Türkiyənin regional təsirini artırır. Ərdoğanın rəhbərliyi ilə Ankara, güclü daxili siyasət və ənənələrin müdafiəsi ilə qlobal uğurun əsasını təşkil etdiyini göstərərək, dünya arenasında əsas oyunçulardan birinə çevrildi.

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının təzyiqi ilə qəbul edilən miqrasiya axınına və liberal islahatlara qarşı sərt mövqeyi ilə tanınır. O, xristian köklərini qorumaq naminə cərəyanın əksinə getməkdən çəkinməyən bir dövlət modeli qurur. Orbanın rəhbərliyi ilə Macarıstan ənənəvi dəyərlərin Avropada dayağı kimi mövqeyini gücləndirərək, Qərb dünyasında mədəni dəyişikliklərdən narahat olanların rəğbətini qazanır.

Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Qərb və Şərqin maraqları arasında balansı qoruyaraq müstəqil siyasət yürütmə qabiliyyətini nümayiş etdirir. Bu yanaşma, Serbiyaya öz milli maraqlarını qorumaqla yanaşı, qərarların qəbulunda müstəqilliyini saxlamağa imkan verir. Bu idarəetmə modeli, böyük qlobal güclərin təsirindən çıxmağa çalışan ölkələrin diqqətini cəlb edir.

İlham Əliyev: zəfərlərə aparan lider

Azərbaycan Prezidenti İlham Əliyev siyasətini milli maraqların və tarixi ənənələrin qorunması üzərində quran liderin parlaq nümunəsidir. İkinci Qarabağ müharibəsi zamanı Əliyev, suverenliyin müdafiəsinin və ərazi bütövlüyünün bərpasının qətiyyətli liderlik sayəsində mümkün olduğunu sübut etdi.

Onun uğurları Azərbaycanı yeni səviyyəyə çıxardı — ölkə təkcə regional lider deyil, həm də idarəetməyə dair baxışlarını paylaşan dövlətlər üçün strateji tərəfdaşa çevrildi. Əliyev, güclü dövlətin xalqın maraqları naminə qərar qəbul etməyə qadir olan güclü liderdən başladığını nümayiş etdirdi.

Yeni dünya nizamının əsası

Ənənəvi dəyərləri paylaşan liderlər arasında qarşılıqlı əlaqənin əhəmiyyəti, İlham Əliyevlə Donald Tramp arasında baş tutan telefon danışığı ilə sübut edildi. Bu danışıq, mədəni unifikasiya, radikal qloballaşma və milli kimliyin itirilməsi kimi çağırışlara qarşı belə siyasətçilərin birgə səylərinin əhəmiyyətini göstərdi.

İlham Əliyev, Ərdoğan, Orban və Tramp kimi liderlər, dünya ictimaiyyətinin inkişafı üçün alternativ bir yol təklif edirlər - suverenliyin qorunması, ənənələrə hörmət və dövlət institutlarının gücləndirilməsi yolu. Onların əməkdaşlığı yalnız həmfikirlərin ittifaqı deyil, həm də maraqların tarazlığına və hər xalqın unikallığının qorunmasına əsaslanan yeni dünya nizamının konsepsiyasıdır.

Qloballaşmanın tez-tez mədəni və milli sərhədləri silməklə nəticələndiyi bir dünyada, ənənəvi dəyərlərin liderləri sabitliyin mayakı kimi çıxış edirlər. İlham Əliyev, Donald Tramp, Si Cinpin, Viktor Orban, Rəcəb Tayyib Ərdoğan və Aleksandr Vuçiç kimi siyasətçilər göstərirlər ki, yalnız milli institutları möhkəmləndirmək və ənənələrə hörmət etməklə daxili rifaha və qlobal sabitliyə nail olmaq mümkündür.

Onların nümunəsi ilham verir və sübut edir ki, köklərinə sadiq olan güclü lider, yalnız öz ölkəsini müdafiə etməklə kifayətlənmir, həm də bütün dünya ictimaiyyətinin inkişafına təsir göstərir.

Xəbər lenti

Xəbər lenti