Bakı. Trend:
Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 28 iyul tarixli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Yeni redaksiyada təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında” Qərar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun hazırlanıb və vergi ödəyicisinin risk meyarlarını, riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir.
Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, vergi ödəyicisinin riskli hesab olunması ilə bağlı meyarların sayı azaldılıb, həmçinin vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması meyarları və qaydaları da müəyyənləşdirilib.
Beləliklə, vergi ödəyicisi bundan sonra yalnız aşağıdakı 3 halda riskli hesab olunacaq:
Təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat
obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları
və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi
resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya
mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən
təqdim edən şəxslər;
Qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş elektron
qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri
(idxal mallarına münasibətdə) əsasında əldə olunmayan malları
(əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi
yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial
qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş və rəsmi
reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən
(söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən
nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla)
təqdim edən şəxslər;
Əmtəəsiz əməliyyatlar (Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi)
aparan şəxslər.
Qaydalara əsasən, riskli vergi ödəyiciləri aşağıdakı hallarda riskli ödəyicilər siyahısından çıxarılacaq:
Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın
həqiqiliyini təsdiqləyən məlumat və sənədlər, xronometraj
müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi
nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların
həqiqiliyini təsdiq edən dövlət orqanlarının müvafiq sənədləri və
ya məlumatları ilə əməliyyatların riskli sayılmasına əsas yaradan
halın olmadığı aşkar edildikdə (Vergi ödəyiciləri müvafiq
təsdiqedici sənədləri təqdim etdiyi halda, riskli vergi
ödəyicilərin siyahısından çıxarılacaq);
Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi
tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə
tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə (Vergi
ödəyiciləri əmtəəsiz əməliyyatlar apardığı hallarda riskli vergi
ödəyicisi hesab olunur və müvafiq maliyyə sanksiyalarına məruz
qalırlar. Yeni dəyişikliyə görə, maliyyə sanksiyası ödənildikdə
vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısından
çıxarılacaq).
Vergi ödəyicisi qeyd olunan şərtlərə əməl etdikdə, müvafiq ərizə ilə vergi orqanına müraciət edir. Ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü ərzində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir. Qərar 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Maliyyə sanksiyası ödənildikdə ərizənin daxil olduğu tarixdən 3 iş günü ərzində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilir. Qərar 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Göstərilən tələblərə tam və ya qismən əməl edilməməsi aparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçün əsasdır.