Bakı. Trend:
“Bakı KOB evi”ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, YAP rayon təşkilatının və ərazi partiya təşkilatının, KOBİA-nın nümayəndələri iştirak ediblər.
Trend xəbər verir ki, tədbirdə Zəfər Gününə dair film nümayiş olunub, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Hikmət Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi qələbədən bəhs olunub.
Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş KOBİA əməkdaşlarına təşəkkürnamələr, YAP-a yeni üzv olan Agentlik əməkdaşlarına üzvlük vəsiqələri və partiyanın işində aktiv iştirak edən əməkdaşlara fəxri fərmanlar təqdim edilib.
