Bakı. Trend:
“Ölkə üzrə hazırda 47 hemodializ mərkəzi fəaliyyət göstərir. Onlardan 11-i Bakı və ətraf ərazilərdə, 36-sı isə regionlarda yerləşir. Ümumilikdə 4200-dən çox xəstə əvəzedici böyrək müalicəsi alır. “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiya” hər həftə 50–60 yeni xəstəni qəbul edir və onları yaşadıqları yerə yaxın mərkəzlərə yönləndirir.
Trend-in xəbərinə görə, Komissiyanın sədri, Nizami Tibb Mərkəzinin Hemodializ şöbəsinin müdiri Çiçək Əhmədova, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə məlumat verib.
O, həmçinin bəzi mövcud problemlərə də diqqət çəkib. Çiçək Əhmədovanın sözlərinə görə, hazırda Bakı və bəzi regionlarda xəstə sıxlığı və kadr çatışmazlığı müşahidə olunur.
Komissiya sədrinin sözlərinə görə, yaxın dövr üçün əsas prioritetlər dializ mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, “Dializ məktəbi”nin yaradılması, tibb personalının ixtisas səviyyəsinin artırılması, xəstələrin uçot sisteminin rəqəmsallaşdırılması, vahid nəzarət və məlumat bazasının formalaşdırılması, avadanlıqların modernləşdirilməsi və yeni müalicə metodlarının tətbiqidir.