Bakı. Trend:
Məktəb erkən nikahın aşkarlanmasında böyük rol oynayır.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin "Təhsil saatı" proqramında deyib.
O bildirib ki, sonrakı proseslərə digər qurumlar baxmalıdır:
“Bu cür hallar yenə də baş verir. Rəsmi olmasa da qeyri-rəsmi formada olur. Biz bunu icbari təhsildən sonrakı dövrlərdə daha çox hiss edirik. Erkən nikah halları 10-11-ci siniflərdə daha çox olur. Həmin vaxt biz görürük ki, qızların təhsilində bəzi axsamalar olur. Bu zaman artıq vəziyyət aşkar edilir və müvafiq qurumlara məlumat verilir. Erkən nikah hallarının aşkar edilməsində məktəblərin rolu böyükdür. Qızlarla yanaşı oğlanlar da erkən nikaha məruz qalır, sadəcə qızlar çoxluq təşkil edir”.
O həmçinin vurğulayıb ki, erkən nikah hallarının cəmiyyətə hansı başlıqlarla çatdırılması çox vacib haldır: “Mən inanmıram ki, mediada erkən nikaha haqq qazandıranlar olsun”.