Bakı. Trend:
ABŞ və Mərkəzi Asiya ölkələri arasında mövcud olan “C5+1” formatına Azərbaycanın da daxil edilməsi məqsədəuyğun olardı.
Trend-in xəbər verir ki, bu barədə Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin sədri, səfir Riçard Hoqland Vaşinqtonda keçirilən “Tərəfdaşlığın onilliyi: C5+1 formatını gələcəkdə nə gözləyir?” adlı tədbir zamanı bildirib.
O, Azərbaycanın görüşlərdəki fəallığına diqqət çəkib:
“Bir təklif irəli sürmək istərdim və ümid edirəm ki, C5 ölkələri bu həftə Vaşinqtonda, xüsusilə sabahkı sammit zamanı bunu müzakirə edəcəklər. Söhbət C5 formatını beynəlxalq təşkilat kimi institusionallaşdırmaqdan gedir. Yaxud bəlkə də daha doğru desək, C6, çünki Azərbaycan artıq C5 ölkələrinin bütün görüşlərində daha fəal iştirak edir.”
Diplomat bu təşəbbüsü Cənub-Şərqi Asiyada yaradılmış ASEAN təşkilatı və Baltik Şurası ilə müqayisə edib:
“Beynəlxalq təşkilat mövcud olduqca, onun dünya arenasındakı təsir imkanları daha böyük olur,” – deyə o qeyd edib.
Hoqland həmçinin vurğulayıb ki, Mərkəzi Asiya ölkələri mürəkkəb geosiyasi vəziyyətdə yerləşir:
“Onlar qonşuları – Rusiya, Çin, İran və Əfqanıstanla, eləcə də daha uzaq tərəfdaşlar – Avropa İttifaqı və ABŞ ilə münasibətləri səmərəli şəkildə qurmalıdırlar. C5 ölkələri bu işin öhdəsindən özünəməxsus şəkildə, uğurla gəlirlər,” – deyə diplomat əlavə edib.
