Bakı. Trend:
Avropa İttifaqına (Aİ) üzv dövlətlər iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 2040-cı ilədək istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə ən azı 90 faiz azaltmaq barədə razılığa gəlib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Aİ-nin ətraf mühit nazirləri Brüsseldə 18 saatdan çox davam edən danışıqlar nəticəsində 2040-cı il üçün rəsmi iqlim hədəfini təsdiqləməklə Braziliyada keçiriləcək növbəti BMT İqlim Sammiti ərəfəsində öz mövqelərini müəyyənləşdiriblər. Üzv dövlətlər faktiki öz daxili emissiyalarını yalnız 85 faiz azaltmalı olacaq. Bundan başqa, nəqliyyat və binalar üçün nəzərdə tutulan yeni emissiya ticarəti sistemi (ETS2) bir il gec - 2028-ci ildən tətbiq ediləcək.
Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl iqlim sertifikatlarının istifadəsinə dair daha sərt qaydalar təklif etmişdi. Brüsseldə əldə olunan bu razılaşma ilə Aİ Braziliyanın Belem şəhərində işə başlayacaq COP30-da daha güclü mövqedən çıxış etməyi hədəfləyir.
