Bakı. Trend:
Laçın və Kəlbəcər rayonlarında yerləşən kiçik su elektrik stansiyalarının (KSES) enerjisistemə inteqrasiyasına başlanılır.
Trend-in məlumatına görə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, ASC sözügedən işlərin icrasını “Enerji Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 300,5 min manat ödənilib.
Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilib. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyulub. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatdırılacaq.
