Bakı. Trend:
Cari ilin doqquz ayı ərzində TƏBİB-ə ümumilikdə 21 754 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 71 faizi (15 359-u) ərizələr, 28,9 faizi (6 364-ü) şikayətlər, 0,1 faizi (31 müraciət) isə təkliflər təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə şikayətlərin sayında 31,83 faiz azalma, eyni zamanda həll olunma göstəricisində 3,7 faiz artım qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov, İcraçı direktor Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə məlumat verib.
Departament rəhbəri qeyd edib ki, daxil olmuş müraciətlər üzrə görülən tədbirlərin nəticələrinə əsasən, 16 039 müraciət (73,6 faiz) üzrə vətəndaşlara müvafiq izahat verilib, 2 897 müraciət (13,3 faiz) tam həll olunub, 1 356 müraciət (6,1 faiz) isə qismən təmin edilib.
İlham Hüseynov bildirib ki, şikayətlərin əsas istiqamətləri tibbi xidmətin keyfiyyəti, əlillik məsələləri, tibbi personal və rəhbər şəxslərlə bağlı müraciətlər, kadr və dərman təminatı problemləri, eləcə də işə qəbul istəkləri ilə bağlı şikayətlərdir. Onun sözlərinə görə, bu istiqamətlərdə monitorinq tədbirləri davamlı şəkildə aparılır və hər bir müraciət üzrə fərdi qaydada qiymətləndirmə həyata keçirilir.