...

Naxçıvanda bir sıra dövlət orqanlarının qurumlarının mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2025 18:02 (UTC +04:00)
Naxçıvanda bir sıra dövlət orqanlarının qurumlarının mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

5 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra dövlət orqanlarının (qurumlarının) mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova vurğulayıb ki, informasiya və kommunikasiya mühitinin dinamik şəkildə transformasiya olunduğu müasir dövrdə dövlət qurumlarının mətbuat xidmətləri ictimaiyyətin operativ və etibarlı məlumatlandırılmasının təmin edilməsində strateji əhəmiyyət kəsb edən institusional funksiyanı yerinə yetirir. O, qeyd edib ki, bu kimi peşəkar təlimlərin təşkili ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və media nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsinə, kommunikasiya proseslərinin səmərəliliyinin artırılmasına və informasiya mübadiləsinin dayanıqlı əsaslar üzərində formalaşmasına mühüm töhfə verir.

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Bəhruz Nəzərov çıxışı zamanı qeyd edib ki, müasir informasiya cəmiyyətində dövlət qurumlarının mətbuat xidmətləri sağlam ictimai rəyin formalaşdırılmasında həlledici rola malikdir. O bildirib ki, mətbuat xidmətlərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, informasiya axınının koordinasiyalı şəkildə təşkili və böhran vəziyyətlərində çevik reaksiya qabiliyyətinin artırılması baxımından belə təlimlər xüsusi əhəmiyyət daşıyır və peşəkar kommunikasiya mədəniyyətinin inkişafında müstəsna rol oynayır.

“Strateji kommunikasiya yanaşmaları və böhran dövrlərində effektiv idarəetmə” mövzusunda təqdimatla çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, sürətlə dəyişən informasiya mühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiya strategiyasının formalaşdırılması dövlət qurumları üçün mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, düzgün strukturlaşdırılmış kommunikasiya modeli təkcə məlumatların operativ və ardıcıl şəkildə təqdim olunmasını deyil, eyni zamanda ictimai etimadın möhkəmləndirilməsini və institusional reputasiyanın qorunmasını təmin edir.

Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək ölkədə media qanunvericiliyi sahəsində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib. O rəsmi məlumatların yayımı prosesində hüquqi tələblərə riayət olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, şəxsi məlumatların müdafiəsi, dezinformasiya risklərinin minimuma endirilməsi media sahəsində hüquqi mədəniyyətin formalaşmasında və peşəkar etik standartların möhkəmləndirilməsində mühüm rol oynayır.

Təlimin yekununda Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı: informasiyanın etibarlılığının təmin edilməsi və dezinformasiyaya qarşı mübarizədə effektiv yanaşmalar” mövzusunda interaktiv vörkşop keçirilib. Sessiya çərçivəsində mətbuat xidmətlərinin rəqəmsal informasiya mühitində risklərin analizi və idarə edilməsi, məlumat mənbələrinin etibarlılığının yoxlanılması, eləcə də rəsmi kommunikasiya standartlarına uyğun fəaliyyət vərdişlərinin təkmilləşdirilməsi istiqamətində praktiki müzakirələr və təcrübi tapşırıqlar həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti