Bakı.Trend:
Azərbaycanda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir. İnanıram ki, bu festival təkcə bu gün burada deyil, Azərbaycanın digər bölgələrində də keçiriləcək.
Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O, qeyd edib ki, bu gün ölkəmizin müxtəlif bölgələrini təmsil edən dini icma nümayəndələri buradadır:
“Həmin bölgələrdə də bu cür festivalların təşkil ediləcəyinə inanıram. Biz hər zaman birliyimizi, həmrəyliyimizi və gözəlliyimizi nümayiş etdirəcəyik”.
B.Muradova bildirib ki, insan dünyaya gələndə ilk olaraq ailədən, dini inanclardan və dəyərlərdən təsirlənir.
Ailə insanın sosial həyatda formalaşdığı ilk yerdir. Hər bir insan ailədən aldığı inanc, dəyərlər və mədəniyyətlə böyüyür. Dövlətçilik düşüncəsi də ilk olaraq buradan başlayır. Vətəndaş anlayışı isə yaşadığımız coğrafiya ilə formalaşır.
“Bu coğrafiya bizim dövlətimizə bağlılığımızı yaradır. Dövlət siyasətini formalaşdıran, cəmiyyəti birləşdirən də məhz bu bağlılıqdır. İnsanların birliyi dövlətin yaranmasına səbəb olur, dövlət isə rəsmi status qazanaraq dünyada söz sahibi olur. Dini icmaların nümayəndələri də digər xalqlar kimi dünya miqyasında təmsil olunurlar”.
O vurğulayıb ki, tariximizə nəzər salanda görürük ki, Azərbaycana müxtəlif vaxtlarda gələn və burada məskunlaşan insanlar dini inanclarından, siyasi görüşlərindən və mədəniyyətlərindən asılı olmayaraq bir dəyər ətrafında birləşiblər.
“Bu birliyimiz olmasa, müstəqil dövlət qurmaq mümkün olmazdı. Dövlətimizin müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün xalqın iradəsi və həmrəyliyi əsasdır. Tarixdə çətinliklər yaşamışıq, lakin bu gün zəfər zirvəsindən keçmişə baxanda, həm bu günümüzü qiymətləndirəndə, həm də gələcəyə planlar quranda qüvvəmizi məhz buradan birliyimizdən alırıq”.
Komitə sədri əlavə edib ki, birliyə söykənərək Azərbaycan dövlətini dünyaya tanıtmışıq.
“Dövlətimiz də insanların dini inancına və milli mənsubiyyətinə görə fərqləndirilmədiyi siyasət yürütmüşdür”.
