Bakı. Trend:
Bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Trend xəbər verir ki, konfrans Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi və Türkiyə İstanbul Universiteti Hüquq Fakültəsi tərəfindən birgə təşkil edilib.
Tədbir “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutur.
Konfransda ilk çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib ki, məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Qanunda “ərazilər toxunulmazdır” yazılsa da, reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. De-yure onlar vardı, de-fakto mövcud deyildi.
Zahid Oruc bildirib ki, bir vaxtlar Konstitusiyamız pozulmuş milli hüquqlarımızın simvoluna çevrilmişdi:
"Hamı inanırdı ki, bu prinsiplər bir gün tam reallaşacaq. O dövrdə Konstitusiyamızda "Azərbaycan Respublikası unitar dövlətdir" yazılsa da, faktiki olaraq torpaqlarımızın bir hissəsində ikinci separatçı qurum, ikinci saxta konstitusiya və ikinci "prezident institutu" mövcud idi. Bu ikili vəziyyət, dövlət dualizmi düz 30 il davam etdi.
Beləcə, Ana qanunumuzdan müharibə haqqımız doğuldu. Bu gün Konstitusiyamızda əks olunan "Azərbaycan vahid və bölünməz dövlətdir" müddəası artıq kağız üzərində deyil, torpaqlarımızda qanla möhürlənib. Bu Zəfər qanunu şəhidlərimizin canı ilə təsdiqlənib. Biz müasir hərbi texnologiyalardan öncə hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, amma qələbəmizin əsas səbəbi haqlı olmağımız idi".
Macarıstanın Xarici Əlaqələr və Ticarət institutunun professoru Laszlo Vasa bildirib ki, suverenlik Avropa İttifaqı ölkələrində mənalı və legitim iştirak üçün konstitusiya çərçivəsi rolunu oynayır.
O vurğulayıb ki, ənənəvi olaraq suverenlik bir ərazidə mütləq hakimiyyət deməkdir: "Lakin bu günün qarşılıqlı əlaqəli dünyasında bu anlayış inkişaf etmiş, müasir suverenlik həm avtonomiya, həm də əməkdaşlıq prinsiplərini əhatə edən paylaşılmış və məsuliyyətli bir anlayışa çevrilib. Macarıstanın yanaşması göstərir ki, bir dövlət bu reallıqlara uyğunlaşa bilər və eyni zamanda suverenliyini konstitusiya çərçivəsində qoruya bilər. Əməkdaşlıq asılılıq demək deyil. Macarıstan modelinin nəzəri əsasını konstitusiya suverenliyi təşkil edir".
Qətər Dövləti Milli İnsan Hüquqları Komitəsinin Proqramlar və Maarifləndirmə Departamentinin direktoru Həməd Əl-Hacri çıxışında əlavə edib ki, beynəlxalq təşkilatlarla, xüsusilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq suverenliyə xələl gətirmir, əksinə, onun əsasını daha da möhkəmləndirir.
O qeyd edib ki, Qətər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərkən milli dəyərlərini və mədəniyyətini qorumağı prioritet sayır: “Biz milli kimliyimizi qorumaqla yanaşı, beynəlxalq tərəfdaşlarımızla birlikdə insan hüquqlarının müdafiəsinə, etimadın və ədalətin gücləndirilməsinə töhfə veririk”.
Çıxışda Qətərin “Milli İnkişaf Strategiyası – 2030” çərçivəsində suverenlik və insan hüquqlarını uyğunlaşdırmaq istiqamətində gördüyü işlər vurğulanıb. Həməd Əl-Hacri bildirib ki, “XXI əsrdə suverenlik yalnız hüquqi anlayış deyil, həm də dəyərlər, institutlar və texnologiya üzərində qurulan güc modelidir".
O həmçinin vurğulayıb ki, Qətər üçün beynəlxalq əməkdaşlıq qarşılıqlı hörmət, etimad və insanın rifahı üzərində qurulmalıdır: “Hər bir dövlətin suverenliyi onun dəyərlərinə və xalqının iradəsinə əsaslanır. Biz bu dəyərləri qorumaqla yanaşı, beynəlxalq ailənin etibarlı üzvü olaraq qalmağa sadiqik".
Xəbər yenilənəcək
