...

AzMİ-nin baş direktoru metrologiya üzrə beynəlxalq iclasda iştirak edib

Cəmiyyət Materials 4 Noyabr 2025 23:13 (UTC +04:00)
AzMİ-nin baş direktoru metrologiya üzrə beynəlxalq iclasda iştirak edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Fransanın Sevr şəhərində keçirilən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) 24-cü iclasında iştirak edib.

AzMİ-dən Trend-ə bildiriblər ki, iclasa, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, Niderland, İndoneziya, İspaniya, Kanada, Meksika, Misir, Norveç, Özbəkistan, Qana, Səudiyyə Ərəbistanı, Tayvan, Türkiyə, Yaponiya, Yeni Zelandiya və digər üzv dövlətlərin milli metrologiya qurumlarından nümayəndələr qatılıblar.

İclas zamanı BIPM-in Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitəsinin (CIPM) ötən il ərzindəki fəaliyyəti, habelə Metrik Konvensiyanın imzalanmasının 150 illiyi münasibətilə həyata keçirilən tədbirlər barədə təqdimatlar dinlənilib. Bundan əlavə, metrologiya sahəsində süni intellektin və rəqəmsal texnologiyaların tətbiqi, CIPM-in strategiyasının icra vəziyyəti, beynəlxalq və regional əməkdaşlıqlar, saniyənin yeni metroloji tərifinin müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.

Daha sonra “Elektrik batareyalarının ölçülməsi sahəsində müasir yanaşmalar”, “Ağıllı şəbəkə” (Smart grid) xüsusiyyətləri”, “Metrologiyada süni intellektin tətbiqi”, “Metrologiya və rəqəmsallaşma” mövzularında təqdimatlar nümayiş olunub.

Tədbir çərçivəsində BIPM-ə üzv ölkələr, o cümlədən Türkiyə, Cənubi Koreya, Çin, Polşa və Özbəkistanın nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti