Bakı. Trend:
Keniyanın paytaxtı Nayrobi şəhərində 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Keniyadakı səfirliyindən Trend-ə bildirilib ki, tədbirdə Keniya Xarici və Diaspora Nazirliyinin idarə rəisi və diplomatik akademiyasının rektoru, Nayrobidəki bir sıra diplomatik missiyaların rəhbərləri və BMT qurumlarının təmsilçiləri, Keniya Prezidentinin qızı, gənclər çempionu Şarlin Ruto, Keniyada səfərdə olan Ekologiya və təbii Sərvətlər Nazirliyi və ANAMA nümayəndə heyətləri, habelə yerli ictimaiyyət, işgüzar dairələrin nümayəndələri, Keniyada çalışan azərbaycanlılar iştirak edib.
8 noyabr - Zəfər Günü ilə əlaqədar fikirlərini bölüşən səfir Sultan Hacıyev müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi, beşinci ildönümü qeyd olunan şanlı qələbəmizin tarixi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı qısa müddətdə Qarabağ və Şərqi Zəngəzura dirçəliş və yeni həyat bəxş edib.
Səfir Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün aparılan danışıqlara da toxunaraq cari ilin avqust ayında Vaşinqton şəhərində əldə olunmuş razılaşmaların, sülh sazişinin paraflanmasının sülh danışıqlarının həlledici mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, qarşılıqlı etimad, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb və ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaqdır.
Tədbirdə şanlı Zəfər Gününə, həmçinin ölkəmizin inkişafına həsr olunmuş videoçarxlar nümayiş olunub və səsləndirilən Azərbaycan musiqiləri qonaqların zövqünü oxşayıb.
