Bakı.Trend
Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir.
Trend xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriRamin Məmmədov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı deyib.
R.Məmmədov bildirib ki, yanaşı duran bu çadırlar eyni Vətənin övladları olaraq bizləri birləşdirən mənəvi körpünün simvollarıdır.
“Nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyat nümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları isə Azərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əks etdirir”.
O, vurğulayıb ki, bu festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, Konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir.
“Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir. Çünki biz hər zaman müxtəlif dinləri, mədəniyyətləri milli birliyimizin sütunlarından biri hesab etmişik”.
R.Məmmədov əlavə edib ki, “Fərqliliyin rəngi” festivalının mesajı da məhz budur: hər fərq bir rəngdir, hər rəng bir dəyərdir, tarixdir və bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsiz gözəlliyini, gücünü ortaya çıxarır.
“44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Böyük Zəfər də məhz bu gücün, birliyin və Azərbaycan xalqının öz keçmişinə sadiqliyinin sayəsində mümkün olmuşdur”,- deyə komitə sədri əlavə edib.
