...

Müxtəlif dinlərin nümayəndələri olan övladlarımız Vətən müharibəsində Azərbaycan torpağı uğrunda döyüşdülər - Salman Musayev

Cəmiyyət Materials 5 Noyabr 2025 13:03 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan hər zaman müxtəlif dinlərin nümayəndələrinin və dini etiqad sahiblərinin azad şəkildə yaşaması üçün şərait yaradıb. Dövlətimiz onlara daim hörmət və ehtiramla yanaşıb.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı QMİ-nin sədr müavini Salman Musayev deyib.

O, qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə qarşı heç vaxt ayrı-seçkilik edilməyib və onlar üçün bərabər şərait yaradılıb.

“Bəzən tolerantlıq haqqında danışırlar. Mən şəxsən o sözə tamamilə müsbət yanaşmıram. Çünki tolerantlıq bəzən “məcburi dözümlülük” kimi səslənir. Amma biz dözümlülük göstərmirik, biz hörmət edirik. Bizdə hər hansı bir etiqad nümayəndəsinin dözümlülüyə ehtiyac yaranacağı bir mühit yoxdur. Ona görə də biz bütün vətəndaşlarımıza hörmət və ehtiram göstəririk”.

S.Musayev bildirib ki, Azərbaycanın müxtəlif dinlərin nümayəndələrinə münasibəti 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi:

“Həmin dinlərin nümayəndələri olan övladlarımız Azərbaycan bayrağı və torpağı uğrunda döyüşdülər, şəhid oldular, yaralandılar. Biz bunu öz gözlərimizlə gördük”.

O, qeyd edib ki, başqa ölkələrdə hər bir din nümayəndəsi yalnız öz ibadət yerində dayana bilir, lakin Azərbaycanda onlar bir arada, geniş və açıq şəkildə öz dini ənənələrini təqdim edə bilirlər.

“Bu da bizim qürur mənbəyimizdir. Biz bir-birimizə hörmət və ehtiram şəraitində yaşayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti