Bakı. Trend:
Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə də 77,0 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, bu vəsait hesabına 2026-cı il üzrə təsdiq edilmiş kvotaya uyğun peşəkar təlimlərin təşkili və həmin kvotaya uyğun əmlak paylanmasının həyata keçirilməsi nəzərdə tutulub. Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və işsiz vətəndaşların iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirakının təmin olunması məqsədilə, həmin şəxslərə lazımi məsləhətlərin verilməsi və zəruri xidmətlərin göstərilməsi istiqamətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlıq proqramın məqsədlərinə nail olunmasında və iştirakçıların davamlı məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Xüsusilə, özünüməşğulluq tədbirlərindən faydalanan şəxslərin təsərrüfatlarının davamlı inkişafı üçün “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 178 saylı Qərarına uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində heyvanlara göstərilən baytarlıq xidmətləri təmin edilərək onların sağlamlığının qorunması hədəflənib.
Bundan əlavə, proqramın əhatə dairəsinin genişləndirilməsi, həssas qrupların məşğulluq imkanlarının artırılması və məşğulluq xidmətlərinin daha da gücləndirilməsi məqsədilə sosial cəhətdən həssas kateqoriyadan olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi məqsədilə bir neçə istiqamətdə əlavə layihənin icra edilməsi də nəzərdə tutulub.