Bakı. Trend:
ABŞ-da federal hökumətin 1 oktyabr gecə yarısından etibarən fəaliyyətini qismən dayandırması (şatdaun) ölkə tarixində ən uzunmüddətli hökumət fəaliyyətsizliyi kimi qeydə alınıb və bununla da Donald Trampın prezidentliyi dövründə (2017–2021) 2018–2019-cu illərdə baş verən əvvəlki rekordu yeniləyib.
Trend xəbər verir ki, həmin vaxt – 2018-ci il dekabrın 22-də başlayan şatdaun 35-ci gün – 2019-cu il yanvarın 25-də başa çatmışdı.
O zaman Konqresin hər iki palatasında aparılan səsvermədən sonra Ağ Ev Trampın müvafiq qanunu ABŞ-nin şərq sahili vaxtı ilə saat 21:23-də imzaladığını açıqlamışdı. Nəticədə hökumətin fəaliyyətsiz qalma müddəti ümumilikdə 34 gün, 21 saat və 23 dəqiqə davam etmişdi.
Son məlumata görə, 4 noyabr saat 20:24-ə (Bakı vaxtı ilə 5 noyabr 05:24) olan vəziyyətə əsasən, federal hökumətin işini bərpa etmək üçün maliyyələşmə ayrılmasını nəzərdə tutan qanun layihəsi hələ də Konqres tərəfindən razılaşdırılmayıb. ABŞ-nin noyabrın 2-də qış vaxtına keçməsi nəzərə alınarsa, şatdaun artıq 34 gün, 21 saat və 24 dəqiqədir ki, davam edir.