Bakı. Trend:
Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-i təşkil edəcək.
Trend xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.
“Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaq.
2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17 500-dək müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır”, - deyə o vurğulayıb.
