Bakı. Trend:
2026-cı ildə DSMF-nin büdcəsində beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri Beynəlxalq Sosial Təminat Assosiasiyasına 40 000,0 manat, Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına 30 000,0 manat olmaqla ümumilikdə 0,07 mln. manat müəyyən edilib.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) üzvlük haqlarının illik məbləğinin proqnozlaşdırılması Fonddan BSTA-ya təqdim edilmiş əhatəlilik statistikası nəzərə alınmaqla BSTA Maliyyə Qaydalarının 5-ci bəndinə uyğun olaraq, qiymətləndirilmə metodologiyası əsasında (bal 1788 dəyərinin 1568,0 İsveçrə frankı olmaqla Azərbaycana münasibətdə minimal iştirak (töhfə) payının Dövlət Sosial Müdafiə Fonduna münasibətdə 10 balla (üzv qurumun qiymətləndirilməsi şkalasında minimal töhfəli bal) illik 15 680,0 İsveçrə frankı məbləğində olmaqla AZN ekvivalentində müəyyənləşdirilir.
Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqlarının illik məbləğinin hesablanması isə təşkilatın üzvlərinin 2024-cü ildə keçirilmiş ümumi yığıncağında 2024-2025-ci illər və sonrakı illər üçün birgə qəbul edilmiş maliyyə reqlamenti əsasında müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası pensiyaçılarının sayı 1 000 001 nəfərdən 1 500 000 nəfərədək olan bölgü kateqoriyasına aid olduğundan 2026-cı il üzrə üzvlük haqqının məbləği həmin maliyyə reqlamentinə əsasən hər bir pensiyaçıya münasibətdə 1,25 rubl üzvlük haqqının hesablanması ilə AZN ekvivalentində proqnozlaşdırılıb.