Bakı. Trend:
Hazırda Mərkəzə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.
Onun sözlərinə görə, hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur:
“Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”.
Y.Abbasova qeyd edib ki, son illərdə Azərbaycanda orqan
donorluğu mövzusuna maraq nəzərəçarpacaq dərəcədə artıb,
vətəndaşlar həm qanunvericilik, həm də donor olma prosedurları
barədə daha çox məlumat əldə etməyə başlayıblar: "Aparılan
maarifləndirici tədbirlər, media layihələri və aidiyyəti qurumların
mütəxəssislərinin çıxışları donorluq mövzusu ilə bağlı
məlumatlılığın yüksəlməsinə mühüm təsir göstərib. Bu cür
məlumatlandırma işi cəmiyyətin məsələyə daha şüurlu və obyektiv
yanaşmasına şərait yaradıb.
Eyni zamanda, cəmiyyətdə humanizm, paylaşma və sosial dəstək
dəyərlərinin güclənməsi də diqqətəlayiqdir. İnsanlar daha çox
anlayırlar ki, orqan bağışlamaq bir insanın həyatını xilas etmək və
ona ikinci bir şans vermək deməkdir. Bu düşüncə tədricən daha geniş
yayılır və qəbul olunur.
Nəticə etibarilə, donor olmaq istəyənlərin sayı ildən-ilə artır.
Gözlənilir ki, bu müsbət tendensiya gələcək illərdə də davam edəcək
və cəmiyyətdə orqan donorluğuna münasibət daha da müsbət şəkildə
formalaşacaq".