Bakı. Trend:
Qətər dünyanın ən iri mavi ammonyak zavodunun tikintisinə başlayıb.
Trend xəbər verir ki, bu barədə “QatarEnergy”nin rəsmi saytında məlumat verilib.
Zavodun təməlqoyma mərasimi Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə sənaye şəhəri Mesaiddə keçirilib. Layihə “QatarEnergy”nin ən irimiqyaslı və strateji təşəbbüslərindən biri kimi qiymətləndirilir.
Məlumata görə, zavodun illik istehsal gücü 1,2 milyon ton ammonyak təşkil edəcək. Bununla yanaşı, obyekt 1,5 milyon ton karbon qazını saxlama qabiliyyətinə malik xüsusi CO2 anbarı ilə təchiz olunacaq. Zavod 35 MVt gücündə günəş elektrik stansiyasından enerji alacaq ki, bu da onun karbon izini azaldacaq.
Mavi ammonyak əsasən təbii qaz və kömürdən əldə edilir və ənənəvi təbii qazla müqayisədə daha az karbon qazı emissiyası yaradır. Bu səbəbdən mavi ammonyakın gələcəkdə ənənəvi fosil yanacaqlarına "yaşıl" alternativ ola biləcəyi vurğulanır.