Bakı. Trend:
Kolumbiya hökuməti Böyük Britaniya vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini açıqlayıb. Bu addım Londonun kolumbiyalılar üçün vizanı bərpa etməsinə cavab olaraq atılıb.
Trend xəbər verir
ki, Kolumbiya Prezidenti Qustavo Petro bu qərarı sosial şəbəkədə
elan edib:
"Əgər Böyük Britaniya Kolumbiya vətəndaşları üçün viza rejimini
bərpa edibsə, qarşılıqlılıq prinsipinə əsasən Kolumbiya hökuməti də
britaniyalılardan viza tələb edəcək."
Böyük Britaniyanın Kolumbiyadakı səfirliyi çərşənbə axşamı bildirib ki, noyabrın 27-dən etibarən kolumbiyalılar Britaniyaya səfər etmək üçün viza almalıdırlar. Diplomatik missiyanın açıqlamasına görə, bu qərar qeyri-qanuni miqrasiya və əsassız sığınacaq müraciətlərinin artması ilə bağlıdır.
Qeyd edək ki, 26 noyabr tarixinə qədər Böyük Britaniyaya bilet almış və dekabrın 24-dək ölkəyə səfər etməyi planlaşdıran kolumbiyalılar üçün bu qaydalar tətbiq olunmayacaq.
Xatırladaq ki, Böyük Britaniya 2022-ci ilin noyabr ayında Kolumbiya vətəndaşları üçün vizanı ləğv etmişdi.