...

IGB operatoru ekosistemlərə təsirin qiymətləndirilməsi üçün tədqiqatlara başlayıb — İcraçı direktor (ÖZƏL MÜSAHİBƏ)

Yaşıl iqtisadiyyat Materials 27 Noyabr 2024 10:42 (UTC +04:00)
IGB operatoru ekosistemlərə təsirin qiymətləndirilməsi üçün tədqiqatlara başlayıb — İcraçı direktor (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti ekosistemlərə təsirin qiymətləndirilməsi məqsədilə sahə tədqiqatlarına başlayıb.

Bu barədə Trend-ə özəl müsahibədə ICGB-nin icraçı direktoru Teodora Georgieva bildirib.

O vurğulayıb ki, ətraf mühitin və cəmiyyətin qorunması şirkət üçün həmişə əsas prioritet olub və ICGB layihənin bütün mərhələlərində bu səyləri daha da gücləndirməkdə davam edir.

“Komandalarımız, o cümlədən, podratçılarımız, IGB boru kəmərinin tikinti mərhələsində yerli icmalara və təbiətə təsiri minimuma endirmək üçün əhəmiyyətli səylər göstəriblər. Bu səylər istismar mərhələsində də davam edir ki, diqqətli və məsuliyyətli yanaşmamızı qoruyub saxlaya bilək”, – deyə T.Georgieva qeyd edib.

IGB boru kəmərinin marşrutu 182 km təşkil edir, bunun 151 kilometri Bolqarıstan, 31 kilometri isə Yunanıstan ərazisindən keçir. Ötən il Bolqarıstanda IGB marşrutu boyunca bərpa işləri başa çatdırılıb. Hazırda şirkət Yunanıstanın daha kiçik bir hissəsində oxşar işləri həyata keçirməyə hazırlaşır. Bu, uzunmüddətli mənfi təsirləri minimuma endirmək məqsədilə ərazilərin yaşıllaşdırılması və meşə bərpasını əhatə edir. Eyni zamanda, bütün marşrut boyunca flora, fauna və təbii yaşayış mühitlərinə təsirin qiymətləndirilməsi üçün sahə tədqiqatlarına başlanılıb.

"Bu tədqiqatlar ekosistemlərin qorunması, risklərin azaldılması və itkilərin kompensasiyası üçün hansı tədbirlərin həyata keçirilə biləcəyini müəyyən etməyə kömək edəcək. Məqsədimiz ekosistemlərdə sıfır xalis itkiyə nail olmaqdır", – deyə ICGB-nin icraçı direktoru əlavə edib.

O, həmçinin, qeyd edib ki, ICGB-də ekoloji və sosial idarəetmə ilə məşğul olan ixtisaslaşmış bir şöbə mövcuddur. Şirkətin müstəqil ötürmə sistemi operatoru kimi bu sahələrdəki fəaliyyətə sadiqliyi əsas prinsiplərdən biridir.

“Bizdə müntəzəm monitorinq mexanizmləri fəaliyyət göstərir, tullantıların idarə olunması üzrə tədbirlər tətbiq edilib, həmçinin, boru kəmərinin marşrutu boyunca yerli icmalarla daimi əlaqə kanalları qurulub. IGB-nin sosial təsiri böyük əhəmiyyət daşıyır, çünki boru kəmərinin təhlükəsizlik zonası (RoW) müxtəlif tipli 70-dən çox yaşayış məntəqəsinin yaxınlığından keçir.

Şirkət bütün torpaq sahiblərinə kompensasiyalar ödəyib və torpağın qaytarılması prosedurunu minimum təsirlə uğurla başa çatdırıb. Əlavə dəstək olaraq, məhsul və gübrələr yerli torpaq sahiblərinə təqdim edilib. ICGB yaşayış vasitələrinin bərpası proqramı çərçivəsində yerli icmaları dəstəkləməyə davam edir.

Son vaxtlar biz boru kəmərinin marşrutu boyunca yerləşən 70-dən çox kiçik yaşayış məntəqəsinə bəzi təxirəsalınmaz ehtiyaclarını həll etməyə kömək etmək üçün ianələr təşkil etdik. Məsələn, bəzi yaşayış məntəqələri bu vəsaitləri ictimai idman meydançalarının qurulmasına, dini obyektlərin bərpasına və ya ictimai infrastrukturun yaxşılaşdırılmasına sərf etmək qərarına gəlib”, – deyə T.Georgieva bildirib.

ICGB-nin icraçı direktoru Teodora Georgieva qeyd edib ki, şirkət daha az inkişaf etmiş iqtisadiyyata və infrastruktur səviyyəsinə malik olan qeyri-mərkəzi regionlarda infrastrukturu idarə edir.

“Məhz buna görə biz yerli sakinlərin, həssas əhali qruplarının, otlaq ərazilərdən asılı olan insanların və heyvanların rifahını artırmağa yönəlmiş plan və proqramlar hazırlayıb tətbiq etməyə xüsusilə motivasiyalıyıq”, – deyə o əlavə edib.

Hidrogenin nəqli

“Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) təbii qazla qarışıq şəkildə, hətta aşağı konsentrasiyada belə hidrogenin nəqlini həyata keçirmək potensialına malikdir ki, bu da Avropa İttifaqının təmiz enerji məqsədlərinə uyğundur və Bolqarıstanın iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə verir", – deyə ICGB-nin icraçı direktoru Teodora Georgieva bildirib.

“Aparılmış ilkin tədqiqatlar göstərir ki, hidrogenin kiçik həcmdə təbii qazla qarışdırılaraq nəqli mümkündür. Lakin daha böyük həcmdə hidrogenin nəqli üçün infrastrukturun modernləşdirilməsinə əlavə hədəfli investisiyalar tələb olunacaq”, – deyə o izah edib.

T.Georgievanın sözlərinə görə, ICGB hazırda hidrogen nəqli xidmətlərinə bazar marağını öyrənir ki, regionda bu xidmətlərə ciddi tələb olub-olmadığını müəyyənləşdirsin.

“Bu qiymətləndirmə bizə gələcək layihələrimizi, bütün Avropada transsərhəd hidrogen şəbəkəsinin yaradılmasına yönəlmiş “European Hydrogen Backbone” təşəbbüsünə uyğunlaşdırmağa kömək edəcək. Bolqarıstan və Yunanıstan artıq birgə hidrogen strategiyaları üzərində işləyir və şəbəkələrinin inteqrasiyasını planlaşdırır. IGB infrastrukturu gələcəkdə transsərhəd hidrogen axınını dəstəkləmək imkanına malik olacaq. Bu, regionun enerji dayanıqlığını gücləndirəcək və Şərqi Avropada dekarbonizasiya prosesini sürətləndirəcək. Biz bu prosesləri yaxından izləyirik və yeni tələblərə uyğunlaşmağa hazırıq”, – deyə o əlavə edib.

Karbon emissiyalarının azaldılması və dayanıqlı enerji

“Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB digər qaz infrastrukturları, o cümlədən, ötürmə və paylama operatorları, reqazifikasiya terminalları və qaz anbarları ilə sıx inteqrasiyası sayəsində regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”, – deyə ICGB-nin icraçı direktoru Teodora Georgieva bildirib.

“Ümumi enerji sistemi çərçivəsində karbon emissiyalarının azaldılması və dayanıqlı enerjinin inkişafı istiqamətində bütün təşəbbüslər müxtəlif iştirakçıların koordinasiya edilmiş fəaliyyətini tələb edir. Bu yanaşmaya gözəl bir nümunə Mərkəzi və Cənub-Şərqi Avropa (CESEC) regionunda qoşulma nöqtələrində qazın keyfiyyət tələblərinin harmonizasiyası ilə bağlı yeni imzalanmış Anlaşma Memorandumudur.

Bundan əlavə, enerji mənzərəsinin inkişafında Vertikal Qaz Dəhlizi mühüm rol oynayır. Bu dəhliz yeddi ölkənin ötürmə sistemi operatorlarını (TSO) birləşdirir. İnfrastrukturun modernləşdirilməsi və normativ bazanın unifikasiyası üzrə birgə fəaliyyətlər inteqrasiya olunmuş və rəqabətədavamlı regional enerji bazarının formalaşması üçün zəmin yaradır. Belə əməkdaşlıq enerji keçidini sürətləndirməklə bərabər, bərpa olunan enerji texnologiyalarının tətbiqinə şərait yaradır”, – deyə T.Georgieva qeyd edib.

O vurğulayıb ki, şirkət karbon emissiyalarının azaldılması və dayanıqlı enerjinin inkişafına hidrogen və aşağı karbonlu məhsullar bazarının formalaşması perspektivindən yanaşır.

“Belə bir bazarın yaradılması ənənəvi bazar inkişafı ilə mümkün deyil və ya ən azı daha uzun müddət tələb edəcək. Bu prosesdə ötürmə sistemi operatorlarının (TSO) əsas rolunu nəzərə almaq vacibdir – biz təbii qaz, hidrogen və ya aşağı karbonlu qazlar kimi əsas enerji resurslarının ticarətini təmin edir və dəstəkləyirik.

Bu xidmətlərin göstərilməsi üçün davamlı tələb formalaşmalıdır. Buna görə də hidrogen və aşağı karbonlu məhsullar üçün tam funksional bazarın yaranması TSO-nun onu effektiv şəkildə idarə etməsi üçün strateji investisiyaların həyata keçirilməsində vacib şərtdir”, – deyə o qeyd edib.

T.Georgievanın sözlərinə görə, ICGB-nin əsas diqqəti hələ də təbii qazın nəqli və idarə edilməsinin inkişafına yönəlib. Bu, çoxşaxəli mənbələrdən təhlükəsiz və etibarlı tədarükə çıxışı təmin etmək üçün vacibdir.

“IGB boru kəməri Bolqarıstan və daha geniş region üçün əsas rol oynayır. Avropanın Rusiya təbii qazından istifadənin məhdudlaşdırılması öhdəliyini nəzərə alaraq, IGB infrastrukturunun Moldova və Ukrayna kimi strateji əhəmiyyətli bazarlara tədarüklərin təmin edilməsinə mühüm töhfə verə biləcəyi aydındır.

Uzunmüddətli perspektivdə bazarın inkişaf dinamikasından asılı olaraq, hidrogenin nəqli üçün infrastrukturun yaradılması mümkün olacaq. Bu isə enerji resurslarının təhlükəsiz və effektiv şəkildə daşınmasını təmin edəcək”, – deyə o vurğulayıb.

ICGB-nin icraçı direktoru həmçinin qeyd edib ki, mövcud regional istehsal güclərini və metodlarını nəzərə alaraq, ICGB öz şəbəkəsindən istifadə edən əhəmiyyətli biometan həcmlərini gözləmir.

“Mövcud normativ-hüquqi baza, uzunmüddətli müqavilələrə əsaslanan və təbii qazın nəqlinə yönəlmiş ICGB modeli çərçivəsində qazın qarışdırılmasını nəzərdə tutmur. Bu, bizim biznes strategiyamızın əsas elementidir. ICGB-nin xidmətləri daha çox təbii qazın tədarükü ilə bağlı digər bazar seqmentinə yönəlib. Buna görə ekoloji təmiz qazların, məsələn, biometan, hidrogen və onların qarışıqlarının bizim şəbəkəyə inteqrasiyası üçün bu resurslara yönəlmiş ixtisaslaşmış bazarın formalaşdırılması tələb olunur. Biz sektor trendlərini yaxından izləyirik ki, gələcəkdə belə dəyişikliklərin mümkün olub-olmadığını anlayaq. Bu, bizə biznesimizi uyğunlaşdırmağa və yeni xidmətlər təqdim etməyə imkan verəcək”, – deyə o izah edib.

Metan emissiyalarına nəzarətdən danışan T.Georgieva vurğulayıb ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) real vaxt rejimində bütün marşrut boyu mümkün sızmaları izləməyə imkan verən “Simone” sistemi ilə təchiz olunub. Bu, ICGB komandalarına istənilən insidentə dərhal reaksiya verməyə şərait yaradır.

“Bundan əlavə, hər bir qaz ölçmə stansiyası və klapan qovşağı qaz sızmalarını aşkar etməyə imkan verən sistemlə təchiz edilib. IGB-nin strateji əhəmiyyətini və milli təhlükəsizlik qaydalarına tabe olduğunu nəzərə alaraq, daha ətraflı məlumatları açıqlaya bilmirik”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti