...

ABŞ-nin Texas ştatında daşqınlarda ölənlərin sayı 50-yə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 6 İyul 2025 07:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatında aramsız leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində yaranan fəlakətli daşqınlar ən azı 50 nəfərin həyatına son qoyub.

Trend-in CNN-ə istinadla verdiyi xəbərə görə, ən çox tələfat Kerr dairəsində qeydə alınıb – 43 nəfər. Burnet dairəsində 3 nəfər, Travis dairəsində isə 4 nəfər ölüb.

Yay düşərgəsində olan 20-dən çox qız da daxil olmaqla onlarla insan hələ də itkin düşmüş sayılır. Axtarış-xilasetmə işləri davam edir.

Texas qubernatoru Qreq Ebbot daha əvvəl 850-dən artıq insanın təxliyə olunduğunu bildirmişdi.

ABŞ Prezidenti Donald Tramp hadisə ilə bağlı bildirib ki, federal hakimiyyət orqanları fəlakətin nəticələrinin aradan qaldırılması üçün yerli strukturlara yardım edir.

ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noem vəziyyəti yerində qiymətləndirmək üçün şənbə günü Texasa səfər edib.

Təbii fəlakət nəticəsində yaranan dağıntıların miqyası genişdir. Rəsmilər hazırda vəziyyətin daha da pisləşməməsi üçün əlavə tədbirlərin görüldüyünü açıqlayıb.

XXX

04:57

ABŞ-nin Texas ştatında daşqınların qurbanlarının sayı 47-yə çatıb

Trend xəbər verir ki, bu barədə təbii fəlakətdən ən çox zərər çəkən Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Kerr dairəsində 43 nəfər ölüb, həyatını itirənlərdən azı 15-i uşaqdır, onlardan beşinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Bundan əlavə, Kendall dairəsində 1 nəfər, Trevis dairəsində isə azı 3 nəfər həyatını itirib. Hələlik 11 nəfər itkin düşmüş hesab olunur.

Şerif bildirib ki, axtarış-xilasetmə əməliyyatları davam edir. Telekanallar hadisə ilə bağlı əlavə təfərrüatları açıqlamayıblar.

XXX

03:04

Texas ştatında leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verən daşqınlarda azı 32 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən 18-i böyük, 14-ü isə uşaqdır. Şerif əlavə edib ki, axtarış-xilasetmə işləri davam edir və tələfatın artacağı istisna olunmur.

Texasın qubernatoru Qreq Ebbott bildirib ki, son 36 saat ərzində 850-dən çox insan təxliyə olunub. O, həmçinin ABŞ prezidenti Donald Trampa müraciət edərək ştatda fəlakət vəziyyəti elan edilməsini istəyib.

Mətbuat konfransında iştirak edən ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem isə Trampın bu tələbi təmin etmək niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Texasda son günlər güclü yağışlar davam edir və çayların səviyyəsinin kəskin artması yeni təhlükələrə yol aça bilər. Yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və rəsmi xəbərdarlıqlara əməl etməyə çağırır.

XXX

22:59

Texas ştatında güclü yağışların yaratdığı daşqın fəlakətində həyatını itirənlərin sayı 27 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Kerr dairəsi şerifinin ofisi məlumat verib.

Hadisə mərkəzi Texasın mərkəzi hissəsində baş verib və fəlakət zonasında təxminən 850 nəfər xilas olunub. İtkin düşənlərin axtarışı isə davam etdirilir.

Ölənlər arasında 18 böyüklə yanaşı, 9 uşaq var. Həmçinin yeddi nəfərin – o cümlədən bir uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Xilasedicilər sel zonasında yerləşən Qızlar şəhərciyindən 20 azyaşlını tapmaq üçün axtarışlarını davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti