Bakı. Trend:
Almaniyanın pərakəndə satış sektorunda “şopliftinq” (mağazadan və ya satış obyektindən mal və ya əşyanı gizli şəkildə, pulunu ödəmədən oğurlamaq – red.) nəticəsində obyektlərə dəyən ziyan 2024-cü ildə rekord göstəriciyə - 3 milyard avroya çatıb. Eyni zamanda, Almaniya büdcəsinin milyonlarla avro vergi daxilolmalarından məhrum olduğu bildirilir.
Trend xəbər verir ki, bu barədə “EHİ Retail İnstitute” apardığı araşdırma əsasında hesabat dərc edib.
Hesabata əsasən, Almaniyanın pərakəndə satıcıları 2024-cü il inventarizasiyasını başa vurduqdan sonra 4,95 milyard avro dəyərində məhsul çatışmazlığını qeydə alıblar.
Ümumi itkilər əvvəlki illə müqayisədə 3% artaraq, yeni rekord səviyyəyə çatsa da, təxminən 5 milyard avroluq çatışmazlığın hamısı oğurluqla bağlı deyil. Hesabata görə, təxminən 4,2 milyard avro itki oğurluqla əlaqələndirilir, qalan hissəsi isə müəssisələrin öz səhvlərinin – məsələn, qiymət etiketlərindəki yanlışlıqların, qeydiyyat və dəyər hesablama xətalarının nəticəsidir.
Hesabatda qeyd olunur ki, mağaza oğurluqları, o cümlədən, mütəşəkkil cinayətkar qrupların fəaliyyəti ötən il sektora təxminən 2,95 milyard avroya ziyan vurub. Bu rəqəm 2023-cü ildəki 2,82 milyard avro ilə müqayisədə artım deməkdir.