Bakı. Trend:
Ötən həftə Azərbaycan və Macarıstan mərkəzi banklarının sədrləri regional iqtisadi vəziyyəti müzakirə ediblər.
Trend xəbər verir ki, bununla yanaşı, Özbəkistanla qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb, Gürcüstanla maliyyə sektorunda müasir yanaşmaların tətbiqi müzakirə edilib, Pakistan qarşılıqlı sərmayələrin fəal təşviqi müzakirə olunub.
Keçən həftə məlum olub ki, Azərbaycanda may ayında “Visa” ödəniş kartları ilə əməliyyatların sayı 124,153 milyon ədəd, əməliyyatların həcmi isə 7 milyard manat, “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 77,346 milyon ədəd, əməliyyatların həcmi isə 5 milyard manat, “American Express” kartları vasitəsilə əməliyyatların sayı 7,6 min ədəd, əməliyyatların həcmi isə 900 min manat olub.
Açıqlanan məlumatlara görə, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib. Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert illik müqayisədə 850 milyon manat və ya 13,3% artaraq 7,240 milyard manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə daxilolmalar 422 milyon manat və ya 5,1% artaraq 8,7 milyard manata çatıb. Sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub. Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 161 milyon manat və ya 5% azalaraq 3,1 milyard manata düşüb. Dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar isə 4,1 milyon manat və ya 23% artaraq 21,9 milyon manata çatıb.
Cari ilin iyul ayının 1-nə respublikada uçotda olan vergi ödəyicisilərinin sayı 1.630.743 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2% artaraq 55,6 min təşkil edib. Cari ilin iyulun 1-dən etibarən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər.
Ötən həftə Maliyyə Nazirliyi tərəfindən keçirilən növbəti depozit hərracında vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 29 gün müddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Həmçinin, ötən həftə Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən “MilliKart” MMC-yə ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib.
Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 309,275 milyon ABŞ dolları alqı-satqısı, 22,745 milyon avro alqı-satqısı həyata keçirib.
Keçən həftə “Moody’s Ratings” Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib.
İnvestisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyələrinə görə renkinqi açıqlanıb.