Bakı. Trend:
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatının altıncı yarış günündə sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində görüşlərə start verilib.
Trend xəbər verir ki, Azərbaycan təmsilçiləri uğurlu çıxışları ilə yadda qalıblar.
Bəşir Verdiyev (61 kq) türkiyəli Yusuf Kulalıya 5:2, britaniyalı Danuş Jovkara isə 14:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda rusiyalı Adlan Saytiyevə 5:17 hesabı ilə uduzan Verdiyev sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Omar Gülməmmədov (74 kq) polşalı Antoni Mayrak üzərində 13:3, belaruslu Muslim Maxmudov üzərində isə 12:2 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Lakin italiyalı Raul Kaso ilə qarşılaşmada 2:5 hesabı ilə məğlub olub. O da bürünc medal uğrunda güləşəcək.
Məhəmməd Abbaszadə (86 kq) isveçrəli Nik Şerrerə 10:0, moldovalı Alexandru Borsa isə 5:2 hesabı ilə qalib gəlib. Yarımfinalda türkiyəli Ahmet Yağana 0:5 uduzan Abbaszadə üçüncü yer uğrunda mübarizə aparacaq.
Anar Cəfərli (92 kq) slovakiyalı Fabio Gianettoya 13:0, ukraynalı Yeqor Horoxa isə 9:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Artur Toqoyevə 0:10 hesabı ilə məğlub olub. Cəfərli də sabah bürünc medal uğrunda çıxış edəcək.
Yusif Dursunov (125 kq) parlaq çıxışı ilə fərqlənib. O, bolqarıstanlı Dian Manevə 12:1, polşalı Mixal Dubovskiyə 11:0 və fransalı Levan Laqvilavaya 13:2 hesablı qələbələrlə tam üstünlüklə qalib gələrək finala yüksəlib. Dursunov həlledici qarşılaşmada rusiyalı İnal Qaqloyevlə qızıl medal uğrunda güləşəcək.