Bakı. Trend:
Almaniya hakimiyyəti Suriyada Əsəd rejiminin devrilməsindən sonra mümkün olan dəyişiklikləri nəzərə alaraq, cinayət törətmiş suriyalıların deportasiyasına başlamaq niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəyə (BAMF) "təhlükəli Suriya vətəndaşları və cinayətkarlara" qarşı tədbirlər görülməsi barədə göstəriş verdiyini açıqlayıb.
Nazirliyin nümayəndəsi qeyd edib ki, ağır cinayətlər qaçqın statusunun verdiyi müdafiə hüququnu ləğv edir və bu statusun geri alınmasına səbəb ola bilər.
Qeyd olunub ki, hazırkı federal koalisiya hökumətini təşkil edən üç partiyanın imzaladığı razılaşmada "cinayətkarlar və təhlükə mənbəyi hesab olunan şəxslərdən başlayaraq" Əfqanıstan və Suriyaya deportasiyanın həyata keçirilməsi nəzərdə tutulur.
Hazırda Almaniyada təxminən 1 milyon suriyalı yaşayır ki, onların əksəriyyəti 2015–2016-cı illərin qaçqın böhranı dövründə ölkəyə gəlib.