Bakı. Trend:
Misirin paytaxtı Qahirənin şimalında yerləşən Əl-Minufiya əyalətində iki mikroavtobusun toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, nəticədə doqquz nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Bu barədə “Al Masry Al Youm” qəzeti məlumat yayıb. Bildirilir ki, qəza Qahirədən İsgəndəriyyəyə gedən yolda baş verib.
“İlkin məlumatlara əsasən, hadisə nəticəsində doqquz nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda səlahiyyətli qurumlar Səhiyyə Nazirliyi ilə birgə yaralılar və ölənlərlə bağlı yekun məlumatların dəqiqləşdirilməsi üzərində çalışırlar”, – deyə xəbərdə qeyd olunur.
Məlumata görə, zərərçəkənlərə dərhal tibbi yardım göstərilib. Həmçinin ölənlərin ailələrinə və yaralananlara psixoloji dəstək verilməsi təmin olunur.