Bakı. Trend:
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində velosiped idmanının regionlarda inkişafını hədəfləyən mühüm layihəyə start verilir.
Trend xəbər verir ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək pilot layihə ilkin mərhələdə ölkənin səkkiz rayonunu əhatə edəcək. Belə ki, 2025-ci ilin sentyabr ayından etibarən Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarında Elm və Təhsil Nazirliyinin balansında olan idman məktəblərində velosiped bölmələri yaradılacaq.
Layihənin təqdimatı məqsədilə Respublika Velotrekində təşkil olunan görüşdə AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov çıxış edərək deyib ki, bu təşəbbüs rayonlarda uşaqlar və yeniyetmələr üçün peşəkar velosiped məşqlərinin təşkili, perspektivli idmançıların erkən yaşlardan müəyyənləşdirilməsi və onların potensialının düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bölmələr müasir avadanlıqlarla və velosipedlərlə təmin ediləcək, orada çalışacaq məşqçilər üçün avqust ayında Bakıda xüsusi təlimlər təşkil olunacaq.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova və sektorun aparıcı mütəxəssisi Lalə Zeynalova layihənin əsas məqsədləri və gözləntiləri barədə ətraflı təqdimatla çıxış edərək bildiriblər ki, bu təşəbbüs məktəblilərin fiziki və mənəvi inkişafına xidmət edəcək, idmana marağı artırmaqla yanaşı, onları daha aktiv və sağlam həyata istiqamətləndirəcək.
Görüşdə o da vurğulanıb ki, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi və digər bölgələri də əhatə etməsi nəzərdə tutulur. Bu yanaşma isə ölkədə velosiped idmanının dayanıqlı inkişafı baxımından olduqca vacib addımdır.