...

Xarici borclanmaya getməyəcəyik - Suriya Mərkəzi Bankı

Dünya xəbərləri Materials 5 İyul 2025 16:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya xarici borclanmaya getməyəcək, bunun üçün nə Beynəlxalq Valyuta Fondundan, nə də Dünya Bankından borc alacaq.

Trend SANA xəbər agentliyinə istinadla bildirir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə deyib.

Bank sədri qeyd edib ki, Suriya lirəsinin məzənnəsi 30% yaxşılaşıb. Əlavə edib ki, lirənin məzənnəsi nə dollara, nə də avroya bağlanacaq.

Əl-Husriyyə vurğulayıb ki, hökumət yüksək faizlərə və riskli investisiya təkliflərinə arxalanmadan istehsal və ixracata əsaslanan sağlam iqtisadiyyat qurmağa çalışır. O, həmçinin, qeyd edib ki, artıq sərmayə mühiti sabit gəlir təmin etməyə imkan verir, çünki Suriya iqtisadiyyatı yetmiş ildən sonra ilk dəfə olaraq bütün sektorlarında tam fəaliyyətini bərpa mərhələsinə qədəm qoyub.

Sədr diqqətə çatdırıb ki, Suriyada banklardakı əmanətləri sığortalamaq üçün yeni qurum yaradılacaq. Xaricdə yaşayan suriyalılar üçün ipoteka kreditləri də təmin ediləcək. Mərkəzi Bank rəhbəri izah edib ki, Suriya artıq yeni bir maliyyə və bank açılımı mərhələsinə qədəm qoyub və uzun illər təcriddə olan maliyyə sektoru dirçəlməyə başlayıb. Belə ki, 2012-ci ildən bəri ilk dəfə olaraq birbaşa və dolayı pul köçürmələri bərpa edilib və beynəlxalq “SWIFT” sisteminə çıxış yenidən təmin olunur.

Xəbər lenti

Xəbər lenti