...

Konqresmenlər Cozef Baydendən Culian Assanjın əfv olunması istəyiblər - “The Guardian”

Dünya xəbərləri Materials 27 Noyabr 2024 12:02 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı konqresmenlər “WikiLeaks” saytının qurucusu Culian Assanjın əfv olunması üçün çağırış ediblər.

Trend-in “The Guardian” qəzetinə istinadən məlumatına görə, demokrat konqresmen Ceyms Makqovern və respublikaçı konqresmen Tomas Messinin fikrincə, onun prokurorlarla razılaşmadan sonra təqsirini etiraf etməsi jurnalistlərin casusluq ittihamı ilə təqib olunması üçün presedent yaradır.

Konqresmenlər ABŞ Prezidenti Cozef Baydenə göndərdikləri məktubda jurnalistin əfvinin demokratiya və söz azadlığının müdafiəsi üçün mediaya güclü mesaj verəcəyini bildiriblər.

Qeyd edək ki, Culian Assanj bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını 2006-cı ildə təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib.

Bir müddət öncə Culian Assanj ABŞ-ın hakimiyyət orqanlarının tələbi ilə təqsirini qismən etiraf etməyə razı olub. Bu etiraf ona beş il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra iyunun 24-də Böyük Britaniya həbsxanasından azadlığa çıxmağa və ailəsinin yaşadığı Avstraliyaya qayıtmağa imkan verib.

Xəbər lenti

Xəbər lenti