Bakı. Trend:
COP29 ölkəmizə gələn on minlərlə xarici ölkə vətəndaşının Azərbaycanın tarixi, mədəniyyəti, maddi və mədəni milli irsi ilə, müasir infrastrukturla tanış olmasına, ölkəmizin ekoturizm, aqroturizm, məsuliyyətli və dayanıqlı turizm kimi yeni bir sahədə də geniş potensiala malik olması haqqında məlumatların artırılmasına töhfə verdi.
Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Gülnar Mustafayeva deyib.
O bildirib ki, bu miqyasda mötəbər tədbirin ölkəmizdə keçirilməsi turizm imkanlarının təbliğ edilməsi və müsbət imicin formalaşdırılmasında bir impuls kimi çıxış etdi.
"Tədbir zamanı minlərlə xarici media nümayəndəsinin ölkəmizə gəlməsi, həmçinin, tədbirin dünya mediasının diqqətində saxlanılması Azərbaycanın biznes və işgüzar turizm potensialının tanıdılması üçün də mühüm imkanlar ehtiva etdi.
COP29 kimi tədbirlər beynəlxalq standartlara uyğun xidmətin təşkili üzrə turizm sənayesində, xüsusilə hotelçilik sahəsində təcrübənin formalaşması, turizm sənayesi ilə əlaqəli olan kiçik və orta sahibkarlıq üzrə də mühüm töhfələr verir", - o qeyd edib.
G.Mustafayeva vurğulayıb ki, ümumilikdə, bir sıra beynəlxalq tədbirlər kimi, COP29-un ölkəmizdə keçirilməsi turizm sektorunda həm qısamüddətli, həm də uzunmüddətli müsbət təsirlərə malik olur:
"Bu kimi tədbirlər xidmət keyfiyyətinin artırılması ilə birgə, göstərilən xidmətlərin sayında çoxalma və çeşidliliyə səbəb olaraq sənayenin inkişafına təkan verir.
Qeyd etməliyik ki, COP tədbirləri tarixində ilk dəfə turizmin COP29-un fəaliyyət gündəliyinə salınması, tematik turizm gününün keçirilməsi, bu mövzuda ilk nazirlər görüşünün təşkili, turizmin iqlim dəyişmələrində rolu üzrə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qəbul edilməsi kimi vacib məqamlar ölkə və qlobal turizm sənayesi üçün turizmin iqlim startegiyalarına inteqrasiya edilməsi, bütövlükdə dayanıqlı təcrübələrin tətbiq edilməsi baxımından təqdirəlayiq hadisələrdir".
Turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkə turizmi sahəsində həm fürsətlər, həm də çağırışlar yaradacaq.
"COP29 kimi mötəbər və yüksək səviyyəli bir tədbir Azərbaycanın beynəlxalq aləmdə daha da tanınmasına səbəb olacaq. Bu, Azərbaycanın turizm sektoruna müsbət təsir göstərəck.
Bu cür böyük beynəlxalq tədbirlər yeni turist qruplarını Azərbaycana cəlb edə bilər. Bunların arasında xüsusilə "yaşıl turizm" və "ekoloji turizm"lə maraqlanan turistləri misal göstərmək olar.
COP29-un Azərbaycanda keçirilməsi ölkənin ekoloji tərəfdaşlarını və yerli turizm operatorlarını "yaşıl turizm" (ekoturizm) və "dayanıqlı turizm" sahələrinə daha çox diqqət ayırmağa təşviq edə bilər. Bunun nəticəsində ekoloji cəhətdən təmiz və davamlı turizm istiqamətlərinin inkişafı sürətlənə bilər.
COP29-un keçirilməsi ilə əlaqədar olaraq beynəlxalq investorlar ekoloji cəhətdən təmiz və dayanıqlı turizmin inkişafına maraq göstərə bilərlər. Bu, Azərbaycanın turizm infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə ekologiya ilə dost hotel və istirahət kompleksləri, qlobal turizm standartlarına uyğun layihələrin həyata keçirilməsinə şərait yarada bilər.
COP29-un Azərbaycan kimi bir ölkədə keçirilməsi, turizm marketinqində yeni imkanlar açır. Bu, Azərbaycanın ekoloji cəhətdən təmiz təbiətini və mədəni irsini tanıdaraq, ekoturizmə olan marağı artıracaq. Bu tədbir Azərbaycanın turizm sahəsinə həm fürsətlər, həm də çağırışlar gətirəcək.
Bu, ekoturizm və dayanıqlı turizmə olan tələbin artmasına, ölkənin ekoloji cəhətdən təmiz turizm təcrübələrini inkişaf etdirməsinə və beynəlxalq turizm bazarında daha çox tanınmasına səbəb ola bilər. Lakin eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizənin turizm sektoruna olan təsirlərini nəzərə alaraq, uzunmüddətli inkişaf üçün dayanıqlı və innovativ yanaşmaların tətbiqi zəruridir", - deyə o qeyd edib.