Bakı. Trend:
SOCAR-ın törəmə şirkəti “Azfen” birgə müəssisəsi 2023-cü ili 11 milyon 466 min manat xalis mənfəətlə başa vurub.
Bu barədə Trend şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2022-ci illə müqayisədə 7,1 dəfə azdır. Belə ki, şirkət 2022-ci ildə 81 milyon 394 min manat xalis mənfəət əldə edib.
Ötən il “Azfen”in vergiyəqədərki mənfəəti 14 milyon 286 min manat (əvvəlki ilə nisbətən 7,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 2 milyon 821 min manat (8,3 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azfen”in aktivləri 276 milyon 573 min manat olub. Məlumata görə, bu göstərici illik müqayisədə 14% azdır. 2022-ci ildə şirkətin aktivləri 321 milyon 503 min manat olub.
Hesabat müddətində şirkətin öhdəlikləri 3,3 dəfə azalaraq, 25 milyon 42 min manata düşüb. 2022-ci ildə bu göstərici 81 milyon 438 min manat olub. Şirkətin balans kapitalı isə 4,8% artaraq, 251 milyon 531 min manata çatıb. 2022-ci ildə bu göstərici 240 milyon 65 min manata bərabər olub.