Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin neft sənayesinin
inkişafına töhfə vermək məqsədilə yeni tədqiqat mərkəzi
yaradılıb.
“Karbohidrogenlərin İstehsalı, Daşınması və Emalında Resursa
Qənaət Edən Texnologiyalar” adlanan yeni mərkəzin yaradılmasının
əsas məqsədi, ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olan
neft sənayesi üçün innovativ elmi-texniki həllər hazırlamaq və bu
sahənin qarşılaşdığı çağırışlara elmi yanaşmalar təqdim
etməkdir.
Yeni tədqiqat mərkəzi bir neçə mühüm istiqamətdə fəaliyyət göstərəcək. Mərkəzdə ilk növbədə, neft sənayesinin müxtəlif aspektlərində resursların daha səmərəli istifadəsi üçün elmi tədqiqatlar aparılacaq. Həmçinin, neft sənayesi üzrə hazırlıq kursları, laboratoriya işlərinin aparılması və tədris planlarına daxil edilməsi həyata keçiriləcək. Mərkəzin məqsədləri arasında yerli və beynəlxalq müsabiqələrdə iştirak etmək, elmi qrantlar almaq və əldə edilən tədqiqat nəticələrinin yüksək reytinqli beynəlxalq jurnallarda dərc edilməsi də yer alıb.