...

“Yar gəldi yar” mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alınıb

Cəmiyyət Materials 27 Noyabr 2024 17:40 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının Youtube səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Bildirilib ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il 4 sentyabr tarixində Youtube-nin “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib:

"“Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır.

Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın Youtube-də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinib.

Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və onun pozulmuş hüquqları bərpa edilib",- deyə qurumdan əlavə edilib.

Xəbər lenti

Xəbər lenti