Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (AİB) taksonomiyanın hazırlanmasını, həmçinin, kiçik və orta biznesin (KOB) dəstəklənməsi üzrə ümumi yanaşmalarını müzakirə edir.
Trend xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) müdir müavini Elnur Əliyev Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransının 3-cü günündə "Kiçik və Orta Müəssisələrə (KOM) "yaşıl" keçid üzrə dəstək" adlı panel müzakirəsində deyib.
"KOBİA hələlik öz maliyyə alətləri və dəstək mexanizmləri ilə təmin olunmayıb. Bir çox ölkələrdə belə alətlər artıq tətbiq edilib - müxtəlif biznes inkişafı proqramları hazırlanıb. Lakin Azərbaycanda bu mexanizmlər hələ mövcud deyil. Buna baxmayaraq, biz bu istiqamətdə Mərkəzi Bankla sıx əməkdaşlıq edirik. Hətta orta məktəb səviyyəsində biznesin yeni şərait və proseslərə uyğunlaşdırılması zərurəti müzakirə edilir, eləcə də, kiçik və orta müəssisələrin böyük şirkətlərin təcrübəsindən necə istifadə edə biləcəyi öyrənilir", - E.Əliyev bildirib.
Onun sözlərinə görə, KOBİA-da əmindirlər ki, uyğunlaşdırma konkret praktik nəticələrə gətirib çıxarmalıdır.
"Burada yalnız maliyyələşdirmə məsələsi deyil, həm də bazarda əlverişli tənzimləyici mühitin yaradılması və aydın oyun qaydalarının tətbiqi mövcuddur. Biz anlayırıq ki, Mərkəzi Bank öz normativləri və yanaşmaları hazırlamalıdır ki, bu da ölkənin ümumi maliyyə sisteminə uyğun gəlməlidir. Bu proses çətin və həssasdır, lakin biz harmonizasiya əldə etmək üçün Mərkəzi Bankla sıx əməkdaşlıq edirik. Bundan əlavə, biz kiçik və orta müəssisələrə dəstək üçün taksonomiya və ümumi yanaşmaların birgə hazırlanması məqsədilə Asiya İnkişaf Bankını müzakirəyə cəlb etmişik. Hazırda proses davam edir, biz mütəxəssislərlə məsləhətləşirik və bu təşəbbüsün reallaşması vaxt tələb edir", - o vurğulayıb.
E.Əliyev kiçik müəssisələrin eyni zamanda şəffaflıq və korporativ idarəetmə səviyyəsini artırmalı olduğunu da qeyd edib.
"Maliyyələşdirmə - investor ilə şirkət arasında etimad məsələsidir. İnvestor istəyir ki, təqdim olunan vəsaitlər vaxtında və müqavilə şərtlərinə uyğun olaraq geri qaytarılsın, şirkət isə əldə olunan resurslardan maksimum səmərə ilə istifadə etməyə çalışır. Bu baxımdan, hesabatlılığın şəffaflığı və şirkətin idarəetmə səviyyəsi mühüm amildir.
Uğurlu əməkdaşlıq üçün hər iki tərəf bir-birinin maraqlarını nəzərə almalıdır, xüsusilə də kiçik və orta müəssisələr üçün şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqi vacibdir. Biz maliyyə institutlarını onların maraqlarına uyğun olmayan şərtlərdə işləməyə məcbur edə bilmirik. Lakin proses düzgün istiqamətdə irəliləyir və kiçik və orta müəssisələrə dəstək yanaşmasının daha yaxşı istiqamətə dəyişməli olduğuna inanırıq.
Biz görürük ki, kiçik və orta biznes ən yaxşı praktikaları mənimsəməli və yeni şəraitə uyğunlaşmalıdır. Bu, yalnız Azərbaycana aid deyil, həm də qlobal təcrübəyə aiddir. Kiçik və iri biznes arasındakı münasibətlər və onların inkişaf səviyyəsi dünyada fərqlidir. Bizim təşəbbüsümüz yerli səviyyədə prosesləri qlobal standartlara yaxınlaşdırmağa yönəlib. Əminəm ki, qlobal yanaşma olduğu zaman yerli dəyişikliklər daha səmərəli baş verəcək", - o əlavə edib.