Azərbaycan, Bakı, 30 may/ Trend / Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması zamanı qorumalı olduğu vacib mövqe onun inkişafda olan ölkə qismində tanınmasıdır. Bu status kənd təsərrüfatında subsidiyaların həcmi, antidempinq tədbirləri və müdafiə mexanizmləri də daxil olmaqla, təqribən 10 istiqamətdə üstünlüklər əldə etməyə imkan verəcək. Keçid dövrü müxtəlif mal və xidmət növləri üzrə yeddi ildən 11 ilədək davam edə bilər. Müdafiəyə ehtiyacı olan sahələr sırasına, ilk növbədə, kənd təsərrüfatı düşüb.
ÜTT-də daxil olduqdan və ticarət əngəlləri aradan qaldırıldıqdan sonra. ölkəyə idxal kənd təsərrüfatı malları axacaq. Bu mallar keyfiyyətinə görə yerli malları ötə bilməsələr də, qiymət baxımından ucuz ola bilər. Bu bir çox mallar üzrə xarici bazarla rəqabətə hazır olmayan milli istehsala güclü zərbə vuracaq. Buna görə də, Azərbaycana müdafiə mexanizmlərinin tətbiqi yolu ilə uyğunlaşmağa xeyli vaxt lazımdır.
Ölkənin ÜTT-də üzvlüyünə hazırlıq üzrə Dövlət Komissiyası, Ticarət təşkilatının subsidiyaların ayrılmasını aradan qaldırmağı nəzərdə tutan prinsiplərinə zidd olaraq, aqrar subisidiyaların səviyyəsinin sektorun mal məhsulunun dəyərinin 10 faizindən yuxarı saxlanılması üçün əsaslandırma hazırlayıb. Hazırda aqrar subisidiyaların səviyyəsi mal məhsulunun dəyərinin 18-20 faizinədək artıb.
Komissiya inkişafda olan dövlət statusuna iddialardan başqa, subisidiyaların real səviyyəsinin hesablanması üçün baza dövrünü dəyişdirməyi təklif edib. Əvvəllər baza dövrü kimi 2001-2003-cü illər hesab edilirdi. İndi isə bu dövrü 2006-cı ilin sonunadək uzatmaq nəzərdə tutulur. Bu yalnız torpaq vergisindən başqa 9 vergi növü üzə vergi tətillərini deyil, həm də su təchizatı, irriqasiya və meliorasiya xidmətlərinə subsidiyalaır nəzərə almağa imkan verəcək. Yalnız yanacaq-sürtkü materiallarının və gübrələrin alınmasına dair 2007-ci ildə tətbiq edilmiş subsidiyalar istisna təşkil edir.
Hələlik Azərbaycan hökuməti kənd təsərrüfatına yüksək səviyyədə subsidiyaların ayrılmasından imtina etmək niyyətində deyil. Əksinə, ötən il olduğu kimi, 2008-ci ildə bütün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən vəsait ayrılıb. Hər hektara görə 40 manat ($48,5) ayırılıb. Bundan əlavə, buğda istehsalçılarına əlavə olaraq 40 manat ($48,5) ayrılır.
Məhsul yığımından sonra, ilin yekunları üzrə bu məbləğin taxıl istehsalçıları üçün kifayət olub-olmaması məlum olacaq. Lakin, AR Kənd Təsərrüfatı Nazirliyinin ilkin məlumatlarına əsasən, subsidiyalar nəticəsində səpin sahələri 120 min ha artıb ki, bu da əlavə olaraq 300-500 min ton hazır məhsul verəcək. Ərzaq təhlükəsizliyinə nail olmaq üçün düyü istehsalı üzrə fermerləri də subsidiyaların ayrılmasına cəlb etmək təklif olunur.
Azərbaycan hökuməti kənd təsərrüfatının dəstəklənməsi üçün digər alətləri də saxlamağa çalışır. Belə ki, bu il fermerlər Aqrolizing ASC standartları üzrə 40 mln. manat məbləğində kənd təsərrüfatı texnikasının güzəştli lizinqinə ümid edə bilərlər. Daha 5 mln. manat bu sektor üçün güzəştli kreditlərin ayrılmasına tutulur.
Bundan əlavə, keçmiş rəqabətqabiliyyətli mallar istehsal edən kənd təsərrüfatı ölkəsi şöhrətini qaytarmaq üçün Azərbaycanın kənd təsərrüfatına subsidiyalar ayırması hələ ki, mütləqdir. Axı vergilərin tamamilə olmaması, yanacağa olan nisbətən aşağı qiymətlər və ümumi mal məhsulları istehsalının 20 faizi səviyyəsində subsidiyaların ayrılmasına baxmayaraq, kənd təsərrüfatı məhsullarının qiymətlərinin artım tempi ildə 20-25 faizdən aşağı olmur. Bununla yanaşı, ölkənin taxıla olan tələbatını yalnız 2010-cu ilə daxili istehsal hesabına ödəyəcəyi gözlənilir. Heyvandarlıqda isə, idxalın payı 60 faizə yaxınlaşır.
Leyla Abdullayeva, Trend -ın Analitik Mərkəzinin eksperti