Bakı. Trend:
Sağlamlıq turizmi Azərbaycanda ən önəmli istiqamətlərindən biridir.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbirdə deyib.
O bildirib ki, sağlamlıq turizmi növünün ölkəmiz üçün potensialı çox böyükdür.
"Bu növ turizm ölkəmizdə yeni olduğundan çatışmazlıqlarla yanaşı boşluqlar da ola bilər. Bunların aradan qaldırılması üçün səylərimizi artırırıq. Ən böyük element tanınma ilə bağlıdır. Azərbaycanın Naftalan, Duzdağ kimi sağlamlıq turizm məkanları keçmiş potsovet ölkələrində kifayət qədər tanınır. Lakin Avropada bu məhsullar barədə kifayət qədər məlumat yoxdur. Bu məlumatların çatdırılması, standartların qaldırılması istiqamətində işlər görülür. Tədbirimizin də əsas mahiyyəti bundan ibarətdir. Belə tədbirlər silsilə keçiriləcək. Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizdə sağlamlıq turizminin inkişafı ilə bağlı strategiya sənədi hazırlanır. İlin sonuna doğru bu sənədin aidiyyatı dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulub. Hesab edirik ki, strategiya sənədi qəbul edildikdən sonra bu sahəyə böyük töhfə verəcək", - deyə o qeyd edib.