Bakı. Trend:
Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə ilə növbəti dəfə Azərbaycan hədəf göstərilib.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
Spiker bildirib ki, Avropa Parlamenti bununla artıq öz anti-Azərbaycan xislətini göstərib.
“Bundan sonra Milli Məclis öz sərt münasibətini bildirib və mətbuatda dərc olunub. Avropa parlamenti bu kimi davranışlarla dövlətimizin suverənliyinə meydan oxuyur. Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik.
Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması
Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn
bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha
açıb göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə
nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini
nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi
bütövlüyünə meydan oxuyur.
Ermənistan Respublikası 30 il ərzində Azərbaycan torpaqlarını işğal
altında saxlamış, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün
həyatına məhkum etmiş, xalqımıza qarşı dəhşətli cinayətlər
törətmiş, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini
mirasımızı talan etmişdir. O dövrdə beynəlxalq ictimaiyyət nədənsə
susmağa üstünlük verirdi”, - deyə o qeyd edib.
Spiker əlavə edib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxmışlar.
"Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti
Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə
qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim
dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu
məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə
olunur.
Milli Məclis olaraq, biz həmişə qeyd edirik ki, Azərbaycan siyasi
dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına
sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi,
aqressiv ritorikanı qətiyyətlə rədd edir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz", - o vurğulayıb.
S. Qafarova deyib ki, bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkiləri keçirilmişdir. Milli Məclisin üzvləri də bu seçkiləri müşahidə etmişlər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu söyləmək olar.
"Biz Azərbaycana dost və qardaş ölkələrin əldə etdikləri nailiyyətlərə ürəkdən sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın hərtərəfli tərəqqisinə, eyni zamanda Azərbaycanın bu ölkələrlə münasibətlərinin, sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəkdir", - spiker fikirlərini tamamlayıb.