Bakı. Trend:
Strip-till texnologiyasının tətbiq edildiyi əkinlərdə payızlıq buğdanın hektara orta məhsuldarlığı 58 sentner təşkil edib. Bu da ölkə üzrə hər hektardan ortalama 25-26 sentner əlavə ərzaqlıq buğda məhsulunun istehsalına imkan verib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzindən (AİM) bildirilib.
Qurumdan verilən məlumata görə, bu texnologiya zolaqlı torpaq becərilməsi adlanır və o, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və bir çox Avropa ölkələrində geniş yayılıb:
“Bu texnologiyada Polşa istehsalı olan, kombinə edilən və bir gedişdə bir neçə əməliyyatı eyni vaxtda icra edən “Mzuri” texnikasından istifadə edilir. Bu texnologiya ölkənin qərb bölgəsində buğda və təkrar qarğıdalı əkinlərində tətbiq edilib. Yeni texnologiyanın tətbiqi ilə torpaq hazırlığında tutmuş səpinə qədər olan bütün əməliyyatlar tam şəkildə bir gedişdə icra olunub. Bu da resurslara kifayət qədər qənaət olunmasına imkan verib”.
Qeyd olunub ki, Strip-till texnologiyasının tətbiqi dizel yanacağına 50 faiz qənaət olunmasına, atmosferə atılan karbon qazının 80 faizə qədər azalmasına imkan verir.
Eyni zamanda, vurğulanıb ki, bu texnologiya torpağın üçdə iki hissəsinin dincə saxlanılmasına, hektara gübrə normasını 50 faizə qədər azaldılmasına, torpağın kimyəvi maddələrlə çirklənməsinin qarşısının alınmasına və məhsuldarlığın artmasına imkan verir.
Qeyd edək ki, Mzuri, ehtiyatlara qənaət edən “Strip till” texnologiyası Azərbaycanda ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.